Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.
Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.
Dünya çempionatına ev sahibliyi edən ölkələrdən biri olan Kanada Bosniya və Herseqovina ilə qarşılaşıb. Toronto stadionunda keçirilmiş B qrupunun matçı 1:1 hesabı ilə yekunlaşıb. Hesabı avropalılardan 21-ci dəqiqədə Yovo Lukiç açıb. Ev sahibləri məğlubiyyətdən 78-ci dəqiqədə qaça biliblər. Kayl Larin son nəticəni müəyyənləşdirib.
Kanada millisi Bosniya və Hersoqovina ilə heç-heçə sayəsində ilkə imza atıb. Belə ki, sözügedən komanda tarixində ilk dəfə olaraq dünya çempionatının matçında xal qazanıb. Buna qədər Kanada millisi iki dəfə – 1986 və 2022-ci illərdə dünya çempionatında çıxış etsə də, hər iki halda komanda qrupda keçirdiyi 3 oyunun 3-də də məğlubiyyət acısı yaşamışdı.
Kanada yığması DÇ-1986-da Fransa (0:1), Macarıstan (0:2) və SSRİ-yə (0:2), DÇ-2022-də isə Belçika (0:1), Xorvatiya (1:4) və Mərakeşə (1:2) uduzub.
Bu qrupun digər oyunu iyunun 13-də (saat 23:00) Qətər və İsveçrə yığmaları arasında keçiriləcək.
Xatırladaq ki, tarixdə ilk dəfə üç ölkənin birgə ev sahibliyi etdiyi və 48 milli komandanın mübarizə apardığı bu dünya çempionatı iyulun 19-da başa çatacaq.
DÇ-2026
B qrupu
12 iyun
Kanada – Bosniya və Herseqovina 1:1
Qollar: Kayl larin, 78 – Yovo Lukiç, 21.
İyunun 13-də daha iki qarşılaşma baş tutacaq. Meksika və Kanada yığmalarından sonra sonuncu meydan sahibi ABŞ millisi də bu gün ilk oyununa çıxacaq. Sözügedən komanda Paraqvay yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
Günün digər oyunu Qətər və İsveçrə yığmaları arasına baş tutacaq. Bu oyuna saat 23:00-da start veriləcək.
D qrupu
05:00. ABŞ – Paraqvay
B qrupu
23:00. Qətər – İsveçrə