Normal view

Before yesterdayMain stream

Xaminton Kampas Kolumbiyaya qayıtmadı – ölüm təhdidlərinə görə

14 July 2026 at 16:00

Futbol üzrə Kolumbiya millisinin hücumçusu Xaminton Kampas ölüm təhdidləri aldığı üçün dünya çempionatından sonra vətəninə qayıtmayıb.

Arena.az bu barədə “Infobae” nəşrinin məlumatına əsasən xəbər verir.

26 yaşlı futbolçu Amerika Birləşmiş Ştatlarında (ABŞ) qalmaq qərarı verib. Buna səbəb DÇ-2026-nın 1/8 final mərhələsində İsveçrə ilə oyundan sonra sosial şəbəkələrdə ünvanına göndərilən ölüm təhdidləridir.

Həmin görüşdə Xaminton Kampas matçın son dəqiqələrində əlverişli qol fürsətindən yararlana bilməyib. Qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında isə Kolumbiya millisi 3:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, Kolumbiya futbolu tarixində buna bənzər faciəli hadisə yaşanıb. 1994-cü il dünya çempionatından sonra ABŞ-la oyunda avtoqol vuran müdafiəçi Andres Eskobar vətənində güllələnərək qətlə yetirilmişdi. Həmin hadisə dünya futbolunun ən faciəvi səhifələrindən biri hesab olunur.

Daha öncə “Deportes Tolima” və “Qremio”da da oynamış Kampas 2023-cü ildən Argentinanın “Rosario Sentral” komandasında çıxış edir. 26 yaşlı futbolçu 2021-ci ildən formasını geyindiyi Kolumbiya millisinin heyətində 13 oyuna çıxıb, 2 qol vurub.

Xames Rodriges Kolumbiya millisinin rekorduna şərik oldu

8 July 2026 at 12:00

Futbol üzrə Kolumbiya yığmasının yarımmüdafiəçisi Xames Rodriges milli komandada keçirdiyi oyunların sayına görə ölkə rekordunu təkrarlayıb.

Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu DÇ-2026-nın 1/8 finalında İsveçrə ilə keçirilən və əsas, həmçinin əlavə vaxtı qolsuz bərabərliklə başa çatan (penaltilər seriyasında 3:4) qarşılaşmada Kolumbiya yığmasının heyətində 131-ci matçına çıxıb.

Bununla da o, bu göstəricidə komandanın sabiq qapıçısı David Ospinanın rekorduna şərik olub. Ospina dünya çempionatı üçün heyətə daxil edilsə də, turnirdə meydana çıxmayıb.

2026-cı ilin fevralında ABŞ-nin “Minnesota” klubuna keçən Rodrigesin müqaviləsinin müddəti iyulun 1-də başa çatıb. Təcrübəli futbolçu karyerası ərzində Kolumbiya, Argentina, Portuqaliya, Fransa, İspaniya, Almaniya, İngiltərə, Qətər, Yunanıstan, Braziliya və Meksika çempionatlarında çıxış edib.

“Real”ın heyətində iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, klublararası dünya çempionatının və İspaniya çempionatının qalibi olan Rodriges, həmçinin bir dəfə İspaniya Super Kubokunu qazanıb. “Bayern”lə iki dəfə Almaniya çempionu olan yarımmüdafiəçi ölkə kubokunu da başı üzərinə qaldırıb. “Portu”nun formasında isə üç dəfə Portuqaliya çempionluğu, bir dəfə UEFA Avropa Liqası, Portuqaliya Kuboku və Super Kuboku sevinci yaşayıb.

Xames Rodriges Kolumbiya millisinin heyətində keçirdiyi 131 oyunda 31 qol vurub və 43 məhsuldar ötürmə edib. O, yığmanın bombardirlər siyahısında 36 qolla lider olan Radamel Falkaodan sonra ikinci pillədə qərarlaşıb. Rodriges 2014-cü il dünya çempionatının 6 qolla ən məhsuldar futbolçusu olub. O, həmçinin Amerika Kubokunun gümüş (2024) və bürünc (2016) mükafatçısıdır.

Murat Yakın: “Bu gün bəxt də bizim tərəfimizdə idi”

8 July 2026 at 05:00

İsveçrə millisinin baş məşqçisi Murat Yakın DÇ-2026-nın 1/8 finalında Kolumbiya yığma komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqibi penaltilər seriyasında məğlub etdikləri oyundan (0:0, pen. 4:3) sonra komandasının matça hazırlıq planının tam reallaşdığını bildirib.

Təcrübəli mütəxəssis oyunun gedişatının əvvəlcədən hazırladıqları ssenari üzrə keçdiyini vurğulayıb:

“Bu oyun üçün hazırladığımız planı tam açıqlamaq istəmirəm. Amma hər şey istədiyimiz kimi alındı və ən vacibi də budur. Matçın əvvəlində təcrübəyə və düzgün yanaşmaya ehtiyacımız var idi. İkinci hissədə etdiyimiz dəyişiklik topa nəzarəti daha da artırdı. Həmçinin penaltilər seriyasında görmək istədiyimiz futbolçuları da meydana buraxa bildik. Həmişə bir planın olur. O plan işləyəndə bundan daha böyük məmnunluq duyursan. Əlbəttə, bu gün bir qədər bəxt də bizim tərəfimizdə idi, amma futbolun bir hissəsi də budur”, deyə Murat Yakın etiraf edib.

Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso isə komandasının məğlubiyyəti haqq etmədiyini bildirib. Onun sözlərinə görə, Kolumbiya həm əsas, həm də əlavə vaxt ərzində rəqibdən daha təhlükəli çıxış etsə də, qol vurmağı bacarmayıb:

“Şübhəsiz ki, bizə çatışmayan yeganə şey qol idi. Bilirdik ki, çox qapalı və taktiki mübarizə olacaq. Buna baxmayaraq, hesab edirəm ki, 90 dəqiqə ərzində yaratdığımız epizodlara və zərbələrə görə daha artığına layiq idik”.

Lorenso bildirib ki, matçın sonlarına doğru hər iki komanda yoruldu və oyunun tempi aşağı düşdü. O, yarımmüdafiəçi Con Ariası yorğunluq və mümkün ikinci sarı vərəqə riski səbəbindən əvəzlədiyini açıqlayıb. Hücumçu Luis Suares də eyni səbəbdən meydandan çıxarılıb:

“Rəqib qapısı qarşısında 15 təhlükəli hücumumuz oldu. Bu kifayət qədər böyük göstəricidir. Belə imkanlardan istifadə etməyəndə bunun əvəzini ödəyirsən. Futbolçularımı qınaya bilmərəm. Bəzən top qapıya daxil olur, bəzən isə yox”.

DÇ-2026: Sonuncu 1/4 finalçı penaltilər seriyasında bəlli oldu

8 July 2026 at 03:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinə yekun vurulub.

Sonuncu 1/4 finalçının adına İsveçrə – Kolumbiya oyununda aydınlıq gəlib. Vankuver şəhərində (Kanada) təşkil edilmiş bu matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş İsveçrə milli komandası sonuncu 1/4 finalçı olub.

Beləliklə, İsveçrə yığması 1/4 final mərhələsində sonuncu dünya çempionu Argentina millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, daha öncə Fransa, Mərakeş, İspaniya, Norveç, İngiltərə, Belçika və Argentina yığmaları da 1/4 finala vəsiqəni təmin etmişdilər.

DÇ-2026
1/8 final
8 iyul

İsveçrə – Kolumbiya 0:0 (penaltilər 4:3)

❌
❌