Normal view

Before yesterdayMain stream

Skaloni: “Bu gün şans da bizim tərəfdə idi”

12 July 2026 at 11:00

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın 1/4 finalında İsveçrə üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edib.

Arena.az xəbər verir ki, mütəxəssis rəqibin komandası üçün ciddi problemlər yaratdığını bildirib:

“Bu gün həqiqətən çox əziyyət çəkdik. Bilirdik ki, rəqib fiziki cəhətdən çox güclü komandadır. Düşünürəm ki, onlar bizə ciddi çətinliklər yaratdılar. Bəzi məqamlarda vəziyyətdən çıxış yolu tapa bilmirdik.

Açığını desəm, bu gün şans da bizim tərəfdə idi. Rəqibin futbolçularından biri qırmızı vərəqə aldı və bundan sonra hücumlarımızı daha da artırdıq. Reallığı qəbul etməliyik – hələ üzərində işləməli olduğumuz məqamlar var. Amma istənilən halda, qələbə qazanmaq hər zaman xoşdur”, deyə Skaloni vurğulayıb.

İsveçrə millisinin baş məşqçisi Murat Yakın isə uduzduqları oyundan sonra hakim qərarlarını sərt tənqid edib. O, xüsusilə Bril Emboloya göstərilmiş ikinci sarı vərəqənin haqsız olduğunu bildirib:

“Brel Embolonun ikinci sarı vərəqə alması üçün heç bir əsas görmədim. Bu, tamamilə adi oyun epizodu idi. Hakimin səhvi bizi cəzalandırdı və qəbuledilməz qərar ucbatından bu şəkildə mübarizəni dayandırmalı olduq.

Hakim və VAR-ın həmin qərarı necə qəbul etdiyini başa düşmürəm. Məhz bu qərar oyunun taleyini həll etdi. Bir daha təkrar edirəm, həmin epizodda sarı vərəqə göstərilməsi üçün heç bir səbəb yox idi. Belə vəziyyətdə hakim sadəcə oyunu davam etdirməli idi”.

Xatırladaq ki, Argentina millisi İsveçrəni 3:1 hesabı ilə məğlub edərək DÇ-2026-nın yarımfinalında İngiltərə yığmasına rəqib olub.

DÇ-2026: Argentina sonuncu yarımfinalçı oldu

12 July 2026 at 08:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Sonuncu yarımfinalçının adına Argentina – İsveçrə oyununda aydınlıq gəlib. Kanzas Siti şəhərində (Missuri, ABŞ) təşkil edilmiş bu matç Cənubi Amerika təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb.

Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.

Qalib komandanın heyətində Aleksis Makallister, Xulian Alvares və Lautaro Martines fərqləniblər. İsveçrənin tək qoluna isə Dan Ndoye imza atıb.

Qeyd edək ki, Argentina seçməsi yarımfinalda İngiltərə ilə qarşılaşacaq. Digər yarımfinal görüşündə isə İspaniya və Fransa yığmaları üz-üzə gələcəklər.

DÇ-2026
1/4 final
12 iyul

Argentina – İsveçrə 3:1
Qollar: Aleksis Makallister, 10. Xulian Alvares, 112. Lautaro Martines, 120+1 – Dan Ndoye, 67.

İsveçrə millisi 72 ildən sonra DÇ-nin 1/4 finalında!

8 July 2026 at 08:00

Futbol üzrə İsveçrə millisi DÇ-2026-nın 1/8 finalında Kolumbiyanı penaltilər seriyasında məğlub edərək (0:0, pen. 4:3) 72 illik həsrətinə son qoyub.

Arena.az xəbər verir ki, sözügedən komanda məhz 72 illik fasilədən sonra dünya çempionatının 1/4 finalına vəsiqə qazanıb.

Beləliklə, İsveçrə yığması tarixində dördüncü dəfə mundialın 1/4 final mərhələsində çıxış edəcək. Komanda daha əvvəl 1934, 1938 və 1954-cü illərdə də bu mərhələyə yüksəlib. Amma isveçrəlilərin mundiallardakı ən böyük uğuru elə 1/4 finala çıxmaqdır. Bu komanda heç vaxt yarımfinala vəsiqə qazana bilməyib.

İsveçrəlilər son üç dünya çempionatında mübarizəni ardıcıl olaraq 1/8 finalda başa vurmuşdular. DÇ-2026-da isə bu uğursuz seriyaya son qoyaraq 72 illik həsrəti bitiriblər.

İsveçrə millisi 1/4 finalda turnirin son çempionu Argentina yığması ilə üz-üzə gələcək. Argentina millisi 1/8 finalda Misir yığmasını dramatik oyunda 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər.

Murat Yakın: “Bu gün bəxt də bizim tərəfimizdə idi”

8 July 2026 at 05:00

İsveçrə millisinin baş məşqçisi Murat Yakın DÇ-2026-nın 1/8 finalında Kolumbiya yığma komandasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqibi penaltilər seriyasında məğlub etdikləri oyundan (0:0, pen. 4:3) sonra komandasının matça hazırlıq planının tam reallaşdığını bildirib.

Təcrübəli mütəxəssis oyunun gedişatının əvvəlcədən hazırladıqları ssenari üzrə keçdiyini vurğulayıb:

“Bu oyun üçün hazırladığımız planı tam açıqlamaq istəmirəm. Amma hər şey istədiyimiz kimi alındı və ən vacibi də budur. Matçın əvvəlində təcrübəyə və düzgün yanaşmaya ehtiyacımız var idi. İkinci hissədə etdiyimiz dəyişiklik topa nəzarəti daha da artırdı. Həmçinin penaltilər seriyasında görmək istədiyimiz futbolçuları da meydana buraxa bildik. Həmişə bir planın olur. O plan işləyəndə bundan daha böyük məmnunluq duyursan. Əlbəttə, bu gün bir qədər bəxt də bizim tərəfimizdə idi, amma futbolun bir hissəsi də budur”, deyə Murat Yakın etiraf edib.

Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso isə komandasının məğlubiyyəti haqq etmədiyini bildirib. Onun sözlərinə görə, Kolumbiya həm əsas, həm də əlavə vaxt ərzində rəqibdən daha təhlükəli çıxış etsə də, qol vurmağı bacarmayıb:

“Şübhəsiz ki, bizə çatışmayan yeganə şey qol idi. Bilirdik ki, çox qapalı və taktiki mübarizə olacaq. Buna baxmayaraq, hesab edirəm ki, 90 dəqiqə ərzində yaratdığımız epizodlara və zərbələrə görə daha artığına layiq idik”.

Lorenso bildirib ki, matçın sonlarına doğru hər iki komanda yoruldu və oyunun tempi aşağı düşdü. O, yarımmüdafiəçi Con Ariası yorğunluq və mümkün ikinci sarı vərəqə riski səbəbindən əvəzlədiyini açıqlayıb. Hücumçu Luis Suares də eyni səbəbdən meydandan çıxarılıb:

“Rəqib qapısı qarşısında 15 təhlükəli hücumumuz oldu. Bu kifayət qədər böyük göstəricidir. Belə imkanlardan istifadə etməyəndə bunun əvəzini ödəyirsən. Futbolçularımı qınaya bilmərəm. Bəzən top qapıya daxil olur, bəzən isə yox”.

DÇ-2026: Sonuncu 1/4 finalçı penaltilər seriyasında bəlli oldu

8 July 2026 at 03:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinə yekun vurulub.

Sonuncu 1/4 finalçının adına İsveçrə – Kolumbiya oyununda aydınlıq gəlib. Vankuver şəhərində (Kanada) təşkil edilmiş bu matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş İsveçrə milli komandası sonuncu 1/4 finalçı olub.

Beləliklə, İsveçrə yığması 1/4 final mərhələsində sonuncu dünya çempionu Argentina millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, daha öncə Fransa, Mərakeş, İspaniya, Norveç, İngiltərə, Belçika və Argentina yığmaları da 1/4 finala vəsiqəni təmin etmişdilər.

DÇ-2026
1/8 final
8 iyul

İsveçrə – Kolumbiya 0:0 (penaltilər 4:3)

❌
❌