Normal view

Before yesterdayMain stream

Sörlot DÇ-2026-dan sonra ölüm təhdidləri aldı

13 July 2026 at 10:00

Norveç millisinin hücumçusu Aleksander Sörlot DÇ-2026-nın 1/4 finalında İngiltərə ilə oyundan sonra təhqir və ölüm təhdidlərinə məruz qalıb.

Arena.az xəbər verir ki, o, İngiltərə 1:2 hesabı ilə əlavə vaxtda məğlub olduqları oyundan sonra sosial şəbəkələrdə əsas müzakirə olunan futbolçulardan birinə çevrilib.

Futbolçunun sevgilisi Lena Selnes sosial şəbəkə hesabında onlara göndərilən bəzi mesajları paylaşıb. Sörlotun ünvanına “Axmaq, özünü öldür”, “Onu öldürmək istəyirəm” kimi təhdidlər, həmçinin onun yanaraq ölməsini arzulayan mesajlar göndərilib.

Qeyd olunur ki, qarşılaşmanın ilk hissəsində Sörlot əlverişli vəziyyətdə olan Erlinq Haalanda ötürmə verməyib. Həmin epizod qol ilə nəticələnsəydi, Norveç millisi hesabı 2:0-a çatdıra və oyunun gedişini öz xeyrinə dəyişə bilərdi.

Buna baxmayaraq, İngiltərə millisi geridönüş edərək əlavə vaxtda 2:1 hesablı qələbə qazanıb və yarımfinala yüksəlib.

Tuxel: “Bu gün həyatı özümüz üçün çox çətinləşdirdik”

12 July 2026 at 06:00

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın 1/4 finalında Norveç yığmasına qarşı keçirdikləri oyundan sonra fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra komandasının oyunundan narazı qaldığını bildirib.

Alman mütəxəssis nəticənin sevindirici olduğunu desə də, futbolçularının çıxışını sərt tənqid edib:

“Heç vaxt deməmişdim ki, bu oyunda əziyyət çəkməli olacağıq. Bu gün həyatı özümüz üçün çox, çox çətinləşdirdik. Nəticə fantastikdir. Yarımfinala yüksəlmişik və bu, möhtəşəmdir. Amma oyunumuzdan razı deyiləm. Heç bir baxımdan.

Komandada əzmkarlıq var idi, lakin oynadığımız futbol səbəbindən problemləri özümüz yaratdıq. Çox sayda texniki səhvlər etdik, diqqətsiz davrandıq, topu kifayət qədər sürətli hərəkət etdirmədik və oyunumuzda ardıcıllıq yox idi. Bu gün bir qədər bəxtimiz gətirdi”.

Tomas Tuxel bunun psixoloji problemlərlə bağlı olmadığını vurğulayıb:

“Bilmirəm, bunun psixologiya ilə əlaqəsi var, ya yox. Məncə, məsələ bunda deyil. Xarakter baxımından komandada problem yoxdur. Hətta o qədər güclüdür ki, onu qablaşdırıb satmaq olar. Problem oyun keyfiyyətindədir. Daha yaxşı oynamalıyıq”.

Tuxel bir neçə futbolçunun çıxışını xüsusi qeyd edib:

“Ris Ceyms möhtəşəm oynadı. Morqan Rocers fantastik oyun keçirdi. Ebereçi Eze və Cəd Spens də matç ərzində performanslarını artırdılar. Onların hamısını təbrik edirəm. Amma ümumilikdə bu gün bəxt bizim tərəfdə idi”.

Alman mütəxəssis Cud Bellingemin performansına da toxunub:

“Bellinqem haqqında danışmağa ehtiyac yoxdur. O, bunu hər oyunda edir. Dünya səviyyəli futbolçudur”.

Sonda baş məşqçi komandanın inkişaf etməli olduğunu bildirib:

“Biz daha yaxşı olacağıq. Buna məcburuq. Amma indi bu uğuru qeyd etməli və anın dadını çıxarmalıyıq. Qarşıda üç günümüz var və bütün gücümüzə ehtiyac duyacağıq”.

Solbakken: “Braziliya ilə oyunda bəxt bizim tərəfdə idi, bu gün isə yox”

Norveç millisinin baş məşqçisi Stol Solbakken isə İngiltərəyə 1:2 hesablı məğlubiyyətdən sonra futbolçularına görə təəssüfləndiyini deyib:

“Uşaqlara görə çox üzülürəm. Amma yüksək səviyyəli idman bəzən belə amansız olur. Braziliya ilə oyunda bəxt bizim tərəfdə idi, bu gün isə yox. Bu dəfə şans bizdən üz döndərdi və bir çox məqam əleyhimizə işlədi.

İlk 20 dəqiqədə yaşadığımız çətinliklərdən sonra futbolçularımı tərifləməyə bilmərəm. Amma nəticə budur…”, – deyə göz yaşlarını saxlamaqda çətinlik çəkən Solbakken bildirib.

DÇ-2026: İngiltərə Norveç üzərində qələbə ilə yarımfinalda!

12 July 2026 at 04:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinin növbəti qarşılaşması baş tutub.

Üçüncü yarımfinalçının adına Norveç – İngiltərə oyununda aydınlıq gəlib. Mayami şəhərində (Florida, ABŞ) təşkil edilmiş bu matç ingilislərin çətin qələbəsiylə yekunlaşıb.

Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib. İngilislərin heyətində Cud Bellingem dubla imza atıb. Skandinaviyalıların tək qolu isə Andreas Şelderupdan gəlib.

Qeyd edək ki, İngiltərə seçməsi yarımfinalda Argentina – İsveçrə cütünün qalibi ilə qarşılaşacaq. Bu oyun da yaxın saatlarda start götürəcək.

DÇ-2026
1/4 final
12 iyul

Norveç – İngiltərə 1:2
Qollar: Anderas Şelderup, 36 – Cud Bellingem, 45+2; 93.

DÇ-2026: İngiltərə – Norveç matçının start saatı dəyişdirilə bilər

11 July 2026 at 06:00

DÇ-2026-nın İngiltərə və Norveç yığmaları arasında keçirilməsi planlaşdırılan 1/4 final oyunu daha gec vaxta təxirə salına bilər.

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, iyulun 12-də Mayamidə (Florida, ABŞ) keçirilməsi nəzərdə tutulmuş oyunun əlverişsiz hava şəraiti səbəbindən daha gec vaxta təxirə salınması gündəmdədir.

Görüşün nəzərdə tutulan vaxtda başlamasına ekstremal istilər və yüksək rütubət mane ola bilər. Sinoptiklər havanın faktiki temperaturunun 34 dərəcə, hiss olunan temperaturun isə 43 dərəcəyə çatacağını proqnozlaşdırırlar. Bundan əlavə, ildırımlı leysan ehtimalı da yüksək qiymətləndirilir.

FIFA-nın qaydalarına əsasən, ildırım təhlükəsi yarandığı halda matçın başlanması və ya davam etdirilməsi təhlükəsizlik məqsədilə ən azı 30 dəqiqə təxirə salına bilər.

Hələlik qarşılaşmanın vaxtının dəyişdirilməsi ilə bağlı rəsmi qərar verilməyib.

Xatırladaq ki, DÇ-2026-ya iyulun 19-da yekun vurulacaq.

❌
❌