Reading view

İsmael Kone Qətərlə matçda ağır zədə aldı, DÇ ilə vidalaşdı

Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Qətərlə oyunda ciddi zədə alıb.

Arena.az xəbər verir ki, Vankuverdə keçirilmiş qarşılaşmanın 52-ci dəqiqəsində, hesab 3:0 Kanada komandasının xeyrinə olarkən, Qətər millisinin müdafiəçisi Asim Madibo Koneyə qarşı kobud qayda pozuntusuna yol verib.

Bundan sonra həkimlər dərhal meydana daxil olaraq futbolçuya ilkin yardım göstəriblər. Zədənin ağırlığı səbəbindən Kone meydanı xərəkdə tərk edib. Hadisədən sonra futbolçular arasında gərginlik yaşanıb və qısa müddətli qarşıdurma baş verib.

Kanada yığmasının bəzi üzvləri zədə alan komanda yoldaşına görə göz yaşlarını saxlaya bilməyiblər. Zədənin həddən artıq ciddi olması səbəbindən matçın yayımı zamanı epizodun təkrarının göstərilməməsi qərara alınıb. Çünki qayda pozuntusu zamanı Konenin ayağı qırılıb.

Baş hakim qayda pozuntusuna görə Madibonu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb. Qətər millisi oyunu doqquz nəfərlə davam etdirmək məcburiyyətində qalıb. Belə ki, bundan əvvəl komandanın digər üzvü Homam Əl-Əmin də qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

İtaliyanın “Sassuolo” klubunun formasını geyinən İsmael Kone ağır zədə səbəbindən ən qısa zamanda əməliyyat olunacaq. Onun bərpa müddəti dəqiq bilinməsə də, bu dünya çempionatında bir daha oynamayacağı dəqiqdir.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

Cessi Marş: “Bu, bizim üçün tarixi qələbədir”

Kanada millisinin baş məşqçisi Cessi Marş dünya çempionatının qrup mərhələsi çərçivəsində Qətərə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Kanada millisi DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşdığı bu rəqibini 6:0 hesabıyla məğlub edib.

Cessi Marş matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, bizim üçün tarixi qələbədir. Lakin hazırda ən çox düşündüyümüz məsələ İsmayıl Konedir. Onun zədəsi bizi çox narahat edir. Komanda olaraq onun ətrafında birləşmişik və ən qısa zamanda sağalmasını arzulayırıq. İsmayıl əla insandır. O, ideal deyil, amma məhz buna görə onu sevirik. O, digər futbolçuların bacarmadığı şeyləri edə bilir. O, bir çox cəhətdən komandamızın simvoludur. Bosniya və Herseqovina ilə oyunda ən yaxşı futbolçumuz idi. Bu, bizim üçün çox böyük itkidir. Biz bütün qəlbimizlə onun yanındayıq və ona dəstək oluruq. Amma əminəm ki, bu oğlanın qarşıda çox böyük gələcəyi var”.

Qətər yığmasının baş məşqçisi Xulen Lopeteqi isə ağır məğlubiyyəti belə şərh edib:

“Bu, bir neçə səbəbə görə çox çətin matç idi. Biz çox güclü rəqibə qarşı oynayırdıq. Oyunun əvvəlində qol buraxdıq, daha sonra isə qırmızı vərəqə aldıq. Bu, dönüş nöqtəsi oldu.

İlk qırmızı vərəqə və üçüncü qol oyunun taleyini həll etdi. Amma futbol belədir. İndi futbolçularımızı fiziki, mənəvi və psixoloji baxımdan bərpa etməliyik.

Dünya çempionatında hər növbəti oyun əvvəlkindən daha çətin olur. Lakin biz bu turnirdə iştirak etmək haqqını qazanmışıq.

Bosniya və Herseqovina ilə oyun? Həmin qarşılaşmada səhv etmək hüququmuz yoxdur. Bu, həm bizim, həm də onların son oyunu olacaq. İndi əsas məqsəd bərpa olunmaqdır. Dediyim kimi, bu matç bir neçə səbəbə görə çox ağır keçdi. Futbolçuların sağlamlığının qayğısına qalmalıyıq, sonra isə nə olacağını görəcəyik”.

DÇ-2026: Kanada Qətərə 6 cavabsız qolla qalib gəldi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Kanada və Qətər yığmaları üz-üzə gəliblər. Vankuverdə keçirilmiş B qrupunun matçında meydan sahibləri darmadağınla qələbə qazanıblar. Meydan sahiblərinin heyətində Conatan Devid het-trikə imza atıb. Kayl Larin və Neytan Saliba hərəyə bir qol vurublar. Manay Mohamed isə avtoqol müəllifi olub.

Qeyd edək ki, bu qrupun digər oyununda İsveçrə Bosniya və Herseqovina yığmasını 4:1 hesabı ilə üstələmişdi.

Beləliklə, 2 turdan sonra Kanada və İsveçrənin hərəyə 4 xalı var. Bosniya və Herseqovina ilə Qətər yığmaları da hərəyə 1 xal toplayıblar.

DÇ-2026
B qrupu
19 iyun

Kanada – Qətər 6:0
Qollar: Conatan Devid, 29; 45+4; 90+2. Kayl Larin, 16. Neytan Saliba, 66. Manay Mohamed, 75-öz qapısına.

DÇ-2026: Kanada heç-heçə ilə başladı

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Dünya çempionatına ev sahibliyi edən ölkələrdən biri olan Kanada Bosniya və Herseqovina ilə qarşılaşıb. Toronto stadionunda keçirilmiş B qrupunun matçı 1:1 hesabı ilə yekunlaşıb. Hesabı avropalılardan 21-ci dəqiqədə Yovo Lukiç açıb. Ev sahibləri məğlubiyyətdən 78-ci dəqiqədə qaça biliblər. Kayl Larin son nəticəni müəyyənləşdirib.

Kanada millisi Bosniya və Hersoqovina ilə heç-heçə sayəsində ilkə imza atıb. Belə ki, sözügedən komanda tarixində ilk dəfə olaraq dünya çempionatının matçında xal qazanıb. Buna qədər Kanada millisi iki dəfə – 1986 və 2022-ci illərdə dünya çempionatında çıxış etsə də, hər iki halda komanda qrupda keçirdiyi 3 oyunun 3-də də məğlubiyyət acısı yaşamışdı.

Kanada yığması DÇ-1986-da Fransa (0:1), Macarıstan (0:2) və SSRİ-yə (0:2), DÇ-2022-də isə Belçika (0:1), Xorvatiya (1:4) və Mərakeşə (1:2) uduzub.

Bu qrupun digər oyunu iyunun 13-də (saat 23:00) Qətər və İsveçrə yığmaları arasında keçiriləcək.

Xatırladaq ki, tarixdə ilk dəfə üç ölkənin birgə ev sahibliyi etdiyi və 48 milli komandanın mübarizə apardığı bu dünya çempionatı iyulun 19-da başa çatacaq.

DÇ-2026
B qrupu
12 iyun

Kanada – Bosniya və Herseqovina 1:1
Qollar: Kayl larin, 78 – Yovo Lukiç, 21.

İyunun 13-də daha iki qarşılaşma baş tutacaq. Meksika və Kanada yığmalarından sonra sonuncu meydan sahibi ABŞ millisi də bu gün ilk oyununa çıxacaq. Sözügedən komanda Paraqvay yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

Günün digər oyunu Qətər və İsveçrə yığmaları arasına baş tutacaq. Bu oyuna saat 23:00-da start veriləcək.

D qrupu
05:00. ABŞ – Paraqvay

B qrupu
23:00. Qətər – İsveçrə

❌