Reading view

Filipe Luis – “Monako”nun yeni baş məşqçisi!

Baziliyalı futbol mütəxəssisi, 40 yaşlı Filipe Luis Fransanın “Monako” komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

Arena.az bu barədə knyazlıq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Tərəflər arasında 3 illik (2028-ci ilin iyun ayınadək) müqavilə imzalanıb.

Filipe Luis 2024-cü ilin oktyabrından 2026-cı ilin martınadək Braziliyanın “Flamenqo” komandasını çalışdırıb. Onun rəhbərliyi altında komanda Braziliya çempionu olub, həmçinin Libertadores Kubokunu, Braziliya Kubokunu və Braziliya Super Kubokunu qazanıb.

Qeyd edək ki, Filipe futbolçu karyerasında Braziliya millisinin aparıcı müdafiəçilərindən biri olub. O, uzun illər İspaniyanın “Atletiko” (Madrid) və “Deportivo”, İngiltərənin “Çelsi” və Braziliyanın “Flamenqo” klublarında çıxış edib.

Xatırladaq ki, “Monako”nun əvvəlki baş məşqçisi 2025-ci ilin oktyabrından iyunun 1-nə qədər komandaya rəhbərlik etmiş Sebastyan Pokonyoli olub. Komanda 2025/2026-cı illər mövsümündə 54 xalla Liqa 1-də yeddinci yeri tutub.

Kassum Uattara “Beşiktaş”a keçdi, Salih Uçan ayrıldı

“Monako”nun fransalı sol cinah müdafiəçisi Kassum Uattara bundan sonra Türkiyənin “Beşiktaş” klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə “qara qartallar”ın mətbuat xidmətinə istinadənxəbər verir.

Klubun yaydığı məlumata görə, futbolçu 8 milyon avro qarşılığında “Monako”dan tamhüquqlu əsasda transfer edilib. Tərəflər arasında imzalanmış müqavilə 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Uattara son illərdə Fransa futbolunun perspektivli müdafiəçilərindən biri hesab olunur. Kot-d’İvuar əsilli futbolçu peşəkar karyerasına “Amyen” klubunda başlayıb, uğurlu çıxışından sonra 2024-cü ilin qışında “Monako”ya transfer olunub. Sol cinah müdafiəçisi olmaqla yanaşı, zərurət yarandıqda sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilir. 21 yaşlı futbolçu sürəti, hücumlara fəal qoşulması və texniki keyfiyyətləri ilə seçilir.

Kassum Uattara bütün turnirlərdə “Monako”nun heyətində 57 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Gənc futbolçu Fransanın müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Beşiktaş” heyətini gücləndirməklə yanaşı, bir futbolçusu ilə də vidalaşıb. İstanbul təmsilçisi təcrübəli yarımmüdafiəçi Salih Uçanla yollarını ayırdığını rəsmən açıqlayıb. Klub Salih Uçanın başa çatmış müqaviləsinin müddətinin uzadılmadığını və futbolçunun komandadan ayrıldığını bəyan edib.

32 yaşlı yarımmüdafiəçi 2021-ci ilin yayında “Alanyaspor”dan “Beşiktaş”a keçmişdi. O, son dörd mövsüm ərzində İstanbul klubunun heyətində müxtəlif turnirlərdə 100-dən çox oyunda forma geyinərək orta xəttin vacib oyunçularından biri olub. Salih Uçan bu müddətdə Türkiyə Super Kubokunun qalibi adını qazanıb və komandanın həm daxili çempionatda, həm də avrokuboklarda çıxışına töhfə verib.

Türkiyə millisinin sabiq üzvü olan Salih Uçan karyerası ərzində “Fənərbağça”, “Roma”, “Sion”, “Empoli”, “Alanyaspor” və “Beşiktaş” kimi klubların formasını geyinib.

“Monako” Ansu Fatinin transfer hüquqlarını da aldı

Fransa Liqa 1-də mübarizə aparan “Monako” ispaniyalı hücumçu Ansu Fatinin transfer hüquqlarını “Barselona”dan tam alıb.

Arena.az bu barədə sözügedən klubun rəsmi saytına istinadən xəbər verir.

Ötən mövsümü icarə əsasında “Monako”da keçirmiş 23 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

“Barselona” Fatinin satışından 11 milyon avro qazanıb.

“Barselona”nın yetirməsi olan Fati əsas komandada keçirdiyi 123 oyunda 29 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, Kataloniya klubunun heyətində iki dəfə İspaniya çempionu, iki dəfə İspaniya kubokunun, bir dəfə isə İspaniya Super Kubokunun qalibi olub.

Ötən mövsüm “Monako”nun formasında çıxış etmiş hücumçu bütün turnirlərdə 30 matçda 12 qol vuraraq komandanın önəmli oyunçularından birinə çevrilib. Məhz bu performansdan sonra knyazlıq təmsilçisi onun transfer hüquqlarını birdəfəlik almaq qərarına gəlib.

Ansu Fati İspaniya millisinin heyətində də 10 oyun keçirib. O, bu qarşılaşmalarda 2 qol vurub, 1 məhsuldar ötürmə edib və 2023-cü ildə UEFA Millətlər Liqasının qalibi olan heyətdə yer alıb.

❌