Reading view

Dambrauskas: “Bir addım daha irəlidəyik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında TNS-ə (Uels) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu sabah ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində doğma meydanda TNS-lə ilk oyununa çıxacaq.

Dambrauskas doğma meydandan baş tutacaq oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O, komandasının yeni mövsümdəki ilk oyuna hazır olduğunu bildirib:

“Ümid edirəm ki, bu mövsüm bizim üçün çox uğurlu alınacaq. Hazırda qarşımızda böyük məsuliyyət var. Həyəcanla oyunu gözləyirik. Avstriyada toplanış keçdik. Azarkeşləri stadiona çağırıram. Nəticəni demirik, amma əlimizdən gələni edəcəyik”, – litvalı mütəxəssis vurğulayıb.

O, təlim-məşq toplanışının çox gözəl keçdiyini bildirib:

“Toplanış zamanı güclü rəqiblərlə qarşılaşdıq. Oyunçular istədiyimiz formaya yaxındırlar. Çox yaxşı hazırlaşmışıq. Düşünürəm ki, bir addım daha irəlidəyik”.

Dambrauskas rəqibi də dəyərləndirib:

“TNS təcrübəli komandadır. Hər oyuna qələbə üçün çıxırlar. Ötən mövsüm rəqiblərini 20 xal qabaqlayıb çempion olublar. Ona görə də öz oyunumuz haqqında düşünməli, matça ciddi yanaşmalıyıq”.

“Sabah”ın futbolçusu Velko Simiç də matçdan öncə mətbuat konfransında iştirak edib və bu görüşə hazırlığı dəyərləndirib:

“Çox yaxşı təlim-məşq toplanışı keçdik. Bəzi ideyalarınızı oyunlarda həyata keçirmək istəyirik. Öz oyunumuz barədə düşünürük. Fikrimcə, oyuna tam hazırıq”.

Xatırladaq ki, “Sabah” – TNS görüşü sabah “Masazır Arena”da baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək. Cavab matçı isə iyulun 14-də Uelsdə baş tutacaq.

❌