FIFA Belçikanın Baloqunla bağlı apellyasiyasını rədd etdi
FIFA Belçika Futbol Assosiasiyasının amerikalı hücumçu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğvi ilə bağlı verdiyi apellyasiyanı qəbul etməyib.
Arena.az bu barədə FIFA-nın yaydığı rəsmi açıqlamaya istinadən xəbər verir.
Müraciət qəbuledilməz hesab olunub. Qurum bunu Belçika Futbol Assosiasiyasının həmin intizam işi üzrə hüquqi tərəf hesab edilməməsi ilə əsaslandırıb:
“Müraciət ona görə qəbuledilməz sayılıb ki, Belçika Kral Futbol Assosiasiyası bu prosesin tərəfi deyil və buna görə də sözügedən qərardan şikayət vermək hüququna malik deyil”, – deyə rəsmi bəyanatda bildirilib.
Beləliklə, Baloqun dünya çempionatının 1/8 final mərhələsində Belçikaya qarşı keçiriləcək oyunda iştirak edə biləcək.
Xatırladaq ki, ABŞ millisinin hücumçusu Bosniya və Herseqovina ilə 1/16 final görüşündə müdafiəçi Tarik Muharemoviçə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə almışdı. Lakin FİFA-nın İntizam Komitəsi sonradan cəzanın icrasını bir il sınaq müddəti ilə təxirə salaraq futbolçunun növbəti oyunda çıxış etməsinə icazə verib.
Bu qərar futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Daha əvvəl jurnalist Ben Ceykobs FİFA rəhbəri Canni İnfantinoya Ağ Evdən zəng edildiyini iddia etmişdi. ABŞ Prezidenti Donald Tramp isə İnfantinoya zəng etdiyini və yalnız qərara yenidən baxılmasını xahiş etdiyini təsdiqləyib.
Belçika Futbol Assosiasiyası qərardan narazı qalaraq FİFA-ya apellyasiya müraciəti edib. Lakin qurum həmin müraciəti hüquqi əsas olmadığı üçün baxılmamış saxlayıb.
RBFA Baloqun işi ilə bağlı mübarizəni dayandırmayacaq
Belçika Kral Futbol Assosiasiyası ABŞ millisinin hücumçusu Folarin Baloqunun DÇ-2026-nın 1/8 finalında iştirak etməsinin qarşısını almaq üçün hüquqi mübarizəni davam etdirəcəyini açıqlayıb. RBFA bəyan edib ki, Baloqun ABŞ millisinin matç heyətinə daxil ediləcəyi təqdirdə onun oynamaq hüququna rəsmi etiraz edəcək:
“RBFA ABŞ Futbol Federasiyasını məlumatlandırıb ki, əgər futbolçu matçın iştirak ərizəsinə salınarsa, onun oynamaq hüququna etiraz ediləcək. Bu isə sonrakı bütün hüquqi addımlar üçün imkanları açıq saxlayır”, – deyə assosiasiyanın bəyanatında bildirilir.