Normal view

Today — 6 July 2026Main stream

FFF FİFA-dan Maykl Olisenin sarı vərəqəsinin ləğvini istəyir

6 July 2026 at 20:00

Fransa Futbol Federasiyası (FFF) dünya çempionatının 1/8 finalında Maykl Oliseyə göstərilən sarı vərəqənin ləğvi üçün FİFA-ya müraciət edib.

Arena.az xəbər verir ki, 24 yaşlı hücumçu Paraqvaya qarşı 1:0 hesabı ilə başa çatmış oyunun sonlarında rəqib futbolçu Matias Qalarsa ilə yaşadığı mübahisəyə görə xəbərdarlıq almışdı.

Fransa tərəfi hesab edir ki, videoyazılar Olisenin rəqibə toxunmadığını açıq şəkildə göstərir. Kadrlarda fransalı futbolçunun sadəcə barmağını dodaqlarına apararaq rəqibini susmağa çağırdığı, bundan dərhal sonra isə Qalarsanın üzünə zərbə almış kimi özünü yerə atdığı görünür.

FFF məhz bu görüntülərə əsaslanaraq sarı vərəqənin ləğv edilməsini tələb edir.

Əgər FİFA müraciəti rədd etsə və Olise 1/4 finalda Mərakeşə qarşı keçiriləcək görüşdə daha bir sarı vərəqə alsa, avtomatik cəza səbəbindən yarımfinal oyununu buraxmalı olacaq.

Qeyd edək ki, Fransa – Mərakeş arasında 1/4 final qarşılaşması iyulun 9-da keçiriləcək.

Maykl Olise 2024-cü ilin yayından Almaniyanın “Bayern” klubunun formasını geyinir. O, Münhen təmsilçisi ilə iki dəfə Bundesliqanın, bir dəfə isə Almaniya Kuboku və Super Kubokunun qalibi olub.

Baloqun qərarı ABŞ və Belçika arasında gərginlik yaratdı

6 July 2026 at 19:00

FİFA-nın ABŞ milli komandasının hücumçusu Folarin Baloqun ilə bağlı qərarı dünya çempionatında ciddi müzakirələrə səbəb olub.

Arena.az xəbər verir ki, FİFA-nın İntizam Komitəsi Baloqunun 1/16 finalda Bosniya və Herseqovinaya qarşı oyunda aldığı qırmızı vərəqə səbəbilə qüvvədə olan bir oyunluq diskvalifikasiyanı dayandırıb və ona Belçikaya qarşı 1/8 final matçında oynamaq imkanı verib.

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino bu qərarı ədalətli hesab etdiyini bildirib:

“Biz artıq bosniyalılara qarşı oyunda 30 dəqiqə azlıqda oynamaqla kifayət qədər cəzalandırılmışdıq. Bu, mənim ABŞ millisinin baş məşqçisi olmağımla bağlı deyil. Düşünürəm ki, insanların 99,9 faizi bunun ədalətsiz qırmızı vərəqə olduğunu qəbul edər”, – deyə argentinalı mütəxəssis vurğulayıb.

Belçika tərəfi etiraz edir

Belçika millisinin baş məşqçisi Rudi Qarsiya isə FİFA-nın qərarını sərt tənqid edib:

“Mən bilmirdim ki, dünya çempionatında və FİFA-da 5 iyul əslində 1 aprel imiş. Biz hansısa federasiyanı deyil, futbolu və oyunun ədalətini müdafiə edirik”, – deyə Qarsiya bildirib.

Belçika Futbol Assosiasiyası da qərardan rəsmi şəkildə apellyasiya verəcəyini açıqlayıb. Məlumata görə, qurum FİFA-ya müraciət edərək diskvalifikasiyanın ləğvinə yenidən baxılmasını tələb edib.

Siyasi müstəviyə daşınan mübahisə

Məsələ artıq siyasi səviyyədə də müzakirə olunur. Belçikanın xarici işlər naziri Maksim Prevo qərarın çoxlu suallar doğurduğunu bildirib:

“Keçmiş futbol hakimi kimi mən həmişə qaydalara əməl olunmasının və qərarların ədalətli verilməsinin tərəfdarı olmuşam. Bu qərar ciddi suallar yaradır”, – deyə nazir qeyd edib.

O əlavə edib ki, əgər cəzanın ləğvinə həqiqətən telefon zəngi səbəb olubsa, bu, idmanın əsas prinsiplərinə zərbə vurur və FİFA-nın ədalətli oyunu təmin etmək qabiliyyətini şübhə altına alır.

Trampın müdaxilə iddiası

“Reuters”in yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp ötən həftə FİFA prezidenti Canni İnfantinoya zəng edərək Baloqunun diskvalifikasiyasının ləğvini xahiş edib. Qərardan sonra Tramp sosial şəbəkədə FİFA-ya təşəkkür edərək federasiyanın “doğru addım atdığını və böyük ədalətsizliyi aradan qaldırdığını” yazıb.

Mübahisənin mərkəzində nə dayanır?

Folarin Baloqun Bosniya və Herseqovinaya qarşı oyunda müdafiəçi Tarik Muharemoviçə arxadan kobud müdaxilə etdiyinə görə birbaşa qırmızı vərəqə almışdı. Qaydalara əsasən, o, növbəti oyunu buraxmalı idi. Amma FİFA-nın İntizam Komitəsi Baloqunun bir oyunluq diskvalifikasiyasını bir illik sınaq müddəti ilə şərti cəzaya çevirib. Bu qərar sayəsində ABŞ millisinin bombardiri Belçikaya qarşı 1/8 final oyununda iştirak edə biləcək. ABŞ tərəfi bunu ədalətin bərpası kimi qiymətləndirir, Belçika isə qərarın dünya çempionatının reqlamentinə zidd olduğunu və oyunun dürüstlüyünə kölgə saldığını iddia edir.

ABŞ – Belçika qarşılaşmasının qalibi 1/4 finalda İspaniya – Portuqaliya duelinin qalibi ilə üz-üzə gələcək.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

UEFA FIFA-nın qərarını qınadı – BƏYANAT

6 July 2026 at 14:14

UEFA FIFA-nın amerikalı hücumçu Folarin Baloquna verilən qırmızı vərəqə cəzasının təxirə salınması qərarına etiraz edib.

Futbolpress.az xəbər verir ki, qurum bununla bağlı bəyanat yayıb:

“Folarin Baloquna göstərilən qırmızı vərəqədən sonra tətbiq edilməli olan bir oyunluq avtomatik cəzanın icrasının bir illik sınaq müddəti ilə təxirə salınmasına dair dünən qəbul edilən qərar qəbuledilməz həddi aşmışdır.

Futbol, digər bütün idman növləri kimi, ədalətli, dürüst və şəffaf rəqabətin əsasını təşkil edən qaydalara söykənir. Qaydalar bəzən müxtəlif cür şərh oluna bilər, lakin bu halda belə bir vəziyyət mövcud deyil. Qırmızı vərəqədən sonra tətbiq olunan minimum bir oyunluq avtomatik cəza seçim xarakteri daşımır və onun qüvvəyə minməsi üçün hər hansı səlahiyyətli qurumun ayrıca qərarına ehtiyac yoxdur. Bu, qaydalarda açıq şəkildə təsbit edilmiş prinsipdir və heç bir istisnaya yol vermir. Üstəlik, eyni vəziyyətlə üzləşən digər oyunçuların cəzalarını qaydalara uyğun şəkildə çəkdiyi bir turnirin gedişində belə bir qərarın verilməsi qətiyyən qəbulolunmazdır.

Qaydaların dəyişməzliyi artıq onları qorumağa borclu olanlar tərəfindən təmin edilmədikdə, oyunun bütövlüyü təhlükə altına düşür və turnirin etibarlılığı ciddi şəkildə sarsılır. Eyni zamanda, bu qərar davam edən mundial üçün presedent yaradır və bundan sonra baş verə biləcək oxşar hallarda eyni yanaşmanın tətbiq edilməsini zəruri edir ki, bu da yarışın maraqlarına zidd nəticələr doğura bilər.

Futbol gözəl oyun olduğu üçün dünyada ən çox sevilən idman növüdür və ona etimadın əsas səbəbi dünyanın hər yerində eyni qaydalarla oynanılmasıdır. Heç bir turnir tamamilə müstəqil və təcrid olunmuş bir struktur deyil. Söhbət Dünya Kubokundan gedirsə, qəbul edilən hər bir qərarın bütövlükdə futbolun gələcəyinə həm müsbət, həm də mənfi təsir göstərmək gücü vardır.

Bu misli görünməmiş, izahı mümkün olmayan və heç bir şəkildə əsaslandırıla bilməyən qərar qarşısında dərin təəccübümüzü və heyrətimizi ifadə edirik”.

Baloqun ABŞ – Bosniya və Herseqovina matçında (2:0) qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalanmışdı. FIFA daha sonra qərarı şərti edib və hücumçunun Belçika ilə 1/8 final matçında meydana çıxa biləcəyini açıqlayıb. Belçika Futbol Assosiasiyası da qərarı qınayıb.

 

Folarin Baloqun FİFA-nın qalmaqallı qərarı ilə bağışlandı

6 July 2026 at 09:00

ABŞ millisinin hücumçusu Folarin Baloqun FİFA-nın qərarı ilə dünya çempionatının 1/8 finalında Belçikya qarşı matçda oynaya biləcək.

Arena.az xəbər verir ki, 25 yaşlı hücumçu 1/16 finalda Bosniya və Herseqovina üzərində 2:0 hesablı qələbə ilə başa çatmış görüşdə müdafiəçi Tarik Muharemoviçə arxadan kobud müdaxiləyə görə birbaşa qırmızı vərəqə almışdı. Turnirin qaydalarına əsasən, o, növbəti oyunu buraxmalı idi.

Lakin FİFA-nın İntizam Komitəsi İntizam Məcəlləsinin 27-ci maddəsinə əsaslanaraq futbolçunun bir oyunluq diskvalifikasiyasını bir il müddətinə şərti cəzaya çevirib. Bu o deməkdir ki, Baloqun Belçikaya qarşı matçda iştirak edə biləcək. Əgər o, sınaq müddəti ərzində oxşar xarakterli və ağırlıqda yeni intizam pozuntusuna yol versə, hazırkı cəza qüvvəyə minəcək və yeni sanksiyalar da buna əlavə olunacaq.

Folarin Baloqun 2026-cı il dünya çempionatında keçirdiyi 3 oyunda 3 qol vuraraq ABŞ millisinin turnirdə ən məhsuldar futbolçusudur. O, 2023-cü ilin yayından etibarən “Monako” klubunun formasını geyinir.

Tramp FİFA-ya təşəkkür etdi

ABŞ Prezidenti Donald Trump qərardan sonra sosial şəbəkədə paylaşım edərək FİFA-ya minnətdarlığını bildirib.

“Doğru addım atdığı və böyük ədalətsizliyi aradan qaldırdığı üçün FİFA-ya təşəkkür edirəm”, – deyə Tramp qeyd edib.

Bundan sonra jurnalist Ben Yakobs iddia edib ki, qərardan əvvəl Ağ Evdən FİFA prezidenti Canni Infantinoya zəng olunaraq Baloqunun qırmızı vərəqəsinin yenidən nəzərdən keçirilməsi xahiş edilib. Bununla belə, FİFA-dakı mənbələr qərarın yalnız müstəqil İntizam Komitəsi tərəfindən qəbul edildiyini və Ağ Evin prosesə təsir göstərməsinin mümkün olmadığını bildiriblər.

Belçika tərəfi narazıdır

Belçika Kral Futbol Assosiasiyası isə FİFA-nın qərarına etiraz edib. Qurumun açıqlamasında bildirilib ki, qərar dünya çempionatının reqlamentinə ziddir və qırmızı vərəqə alan futbolçunun avtomatik olaraq növbəti oyunu buraxmalı olduğu açıq şəkildə göstərilib.

Assosiasiya bütün iştirakçı komandaların hüquqlarını və ədalətli oyun prinsiplərini qorumaq məqsədilə qərardan şikayət verməyin mümkün variantlarını araşdırdığını açıqlayıb.

Maraqlıdır ki, 1970-ci ildən etibarən dünya çempionatlarında qırmızı vərəqə alan heç bir futbolçu növbəti oyunda meydana çıxmamışdı. Bu səbəbdən Baloqunla bağlı qərar mundial tarixində presedent kimi qiymətləndirilir. Bununla belə, şərti cəza tətbiq edilən və ya diskvalifikasiyası sonradan dəyişdirilən oxşar hallar olub.

2025-ci ilin noyabrında Portuqaliya millisinin ulduzu Kristiano Ronaldo dünya çempionatının seçmə mərhələsində kobud davranışa görə qırmızı vərəqə almışdı. O, seçmə mərhələnin növbəti oyununu buraxsa da, əlavə iki oyunluq diskvalifikasiya bir illik sınaq müddəti ilə şərti cəza ilə əvəzlənmişdi. Bu qərar sayəsində Ronaldo 2026-cı il dünya çempionatının ilk oyunlarında iştirak edə bilmişdi.

Daha əvvəl, 2007-ci ilin noyabrında isə Rusiya yığmasının hücumçusu Andrey Arşavin AÇ-2008-in seçmə mərhələsində qırmızı vərəqə alaraq üç oyunluq diskvalifikasiya cəzası almışdı. Lakin final mərhələsi başlamazdan əvvəl Rusiya Futbol İttifaqının müraciətindən sonra UEFA cəzanı 3 oyundan 2 oyuna endirmişdi.

ABŞ – Belçika görüşünün qalibi 1/4 finalda İspaniya – Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

Before yesterdayMain stream

FIFA Messinin rekord assistini ləğv etdi

4 July 2026 at 20:00

FIFA dünya çempionatının (DÇ-2026) 1/16 finalında Argentina və Kabo Verde milliləri arasında keçirilən oyunun rəsmi protokolunda dəyişiklik edib.

Arena.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

Qurum Argentinanın üçüncü qolunu əvvəlcə müdafiəçi Kristian Romeronun aktivinə yazsa da, sonradan epizodu Kabo Verde millisinin futbolçusu Borxes Dineyin avtoqolu kimi rəsmiləşdirib.

Bu qərar Lionel Messinin dünya çempionatları tarixi ilə bağlı daha bir rekordunun qeydə alınmasına mane olub. Belə ki, üçüncü qol Romeronun adına yazılsaydı, məhsuldar ötürmənin müəllifi olan Messi mundiallarda assistlərinin sayını 9-a çatdıraraq bu göstəricidə mütləq rekordçu olacaqdı.

Lakin qolun avtoqol kimi təsdiqlənməsindən sonra Messinin aktivindəki məhsuldar ötürmələrin sayı 8 olaraq qalıb. Beləliklə, o, bu göstəricidə 1986-cı il dünya çempionu, əfsanəvi argentinalı Dieqo Maradona ilə rekordu bölüşməkdə davam edir.

Buna baxmayaraq, 39 yaşlı hücumçu dünya çempionatları tarixinin iki əsas rekordunun yeganə sahibidir. Messi mundiallarda keçirdiyi 30 oyunla ən çox matç keçirən, 20 qolla isə turnir tarixinin ən məhsuldar futbolçusudur.

Qeyd edək ki, Argentina Kabo-Verdeni əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək DÇ-2026-nın 1/8 finalına yüksəlib.

❌
❌