Normal view

Yesterday — 6 July 2026Sport-AZ

Folarin Baloqun FİFA-nın qalmaqallı qərarı ilə bağışlandı

6 July 2026 at 09:00

ABŞ millisinin hücumçusu Folarin Baloqun FİFA-nın qərarı ilə dünya çempionatının 1/8 finalında Belçikya qarşı matçda oynaya biləcək.

Arena.az xəbər verir ki, 25 yaşlı hücumçu 1/16 finalda Bosniya və Herseqovina üzərində 2:0 hesablı qələbə ilə başa çatmış görüşdə müdafiəçi Tarik Muharemoviçə arxadan kobud müdaxiləyə görə birbaşa qırmızı vərəqə almışdı. Turnirin qaydalarına əsasən, o, növbəti oyunu buraxmalı idi.

Lakin FİFA-nın İntizam Komitəsi İntizam Məcəlləsinin 27-ci maddəsinə əsaslanaraq futbolçunun bir oyunluq diskvalifikasiyasını bir il müddətinə şərti cəzaya çevirib. Bu o deməkdir ki, Baloqun Belçikaya qarşı matçda iştirak edə biləcək. Əgər o, sınaq müddəti ərzində oxşar xarakterli və ağırlıqda yeni intizam pozuntusuna yol versə, hazırkı cəza qüvvəyə minəcək və yeni sanksiyalar da buna əlavə olunacaq.

Folarin Baloqun 2026-cı il dünya çempionatında keçirdiyi 3 oyunda 3 qol vuraraq ABŞ millisinin turnirdə ən məhsuldar futbolçusudur. O, 2023-cü ilin yayından etibarən “Monako” klubunun formasını geyinir.

Tramp FİFA-ya təşəkkür etdi

ABŞ Prezidenti Donald Trump qərardan sonra sosial şəbəkədə paylaşım edərək FİFA-ya minnətdarlığını bildirib.

“Doğru addım atdığı və böyük ədalətsizliyi aradan qaldırdığı üçün FİFA-ya təşəkkür edirəm”, – deyə Tramp qeyd edib.

Bundan sonra jurnalist Ben Yakobs iddia edib ki, qərardan əvvəl Ağ Evdən FİFA prezidenti Canni Infantinoya zəng olunaraq Baloqunun qırmızı vərəqəsinin yenidən nəzərdən keçirilməsi xahiş edilib. Bununla belə, FİFA-dakı mənbələr qərarın yalnız müstəqil İntizam Komitəsi tərəfindən qəbul edildiyini və Ağ Evin prosesə təsir göstərməsinin mümkün olmadığını bildiriblər.

Belçika tərəfi narazıdır

Belçika Kral Futbol Assosiasiyası isə FİFA-nın qərarına etiraz edib. Qurumun açıqlamasında bildirilib ki, qərar dünya çempionatının reqlamentinə ziddir və qırmızı vərəqə alan futbolçunun avtomatik olaraq növbəti oyunu buraxmalı olduğu açıq şəkildə göstərilib.

Assosiasiya bütün iştirakçı komandaların hüquqlarını və ədalətli oyun prinsiplərini qorumaq məqsədilə qərardan şikayət verməyin mümkün variantlarını araşdırdığını açıqlayıb.

Maraqlıdır ki, 1970-ci ildən etibarən dünya çempionatlarında qırmızı vərəqə alan heç bir futbolçu növbəti oyunda meydana çıxmamışdı. Bu səbəbdən Baloqunla bağlı qərar mundial tarixində presedent kimi qiymətləndirilir. Bununla belə, şərti cəza tətbiq edilən və ya diskvalifikasiyası sonradan dəyişdirilən oxşar hallar olub.

2025-ci ilin noyabrında Portuqaliya millisinin ulduzu Kristiano Ronaldo dünya çempionatının seçmə mərhələsində kobud davranışa görə qırmızı vərəqə almışdı. O, seçmə mərhələnin növbəti oyununu buraxsa da, əlavə iki oyunluq diskvalifikasiya bir illik sınaq müddəti ilə şərti cəza ilə əvəzlənmişdi. Bu qərar sayəsində Ronaldo 2026-cı il dünya çempionatının ilk oyunlarında iştirak edə bilmişdi.

Daha əvvəl, 2007-ci ilin noyabrında isə Rusiya yığmasının hücumçusu Andrey Arşavin AÇ-2008-in seçmə mərhələsində qırmızı vərəqə alaraq üç oyunluq diskvalifikasiya cəzası almışdı. Lakin final mərhələsi başlamazdan əvvəl Rusiya Futbol İttifaqının müraciətindən sonra UEFA cəzanı 3 oyundan 2 oyuna endirmişdi.

ABŞ – Belçika görüşünün qalibi 1/4 finalda İspaniya – Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

❌
❌