Normal view

Before yesterdayARENA.AZ

Poçettino: “Bu, fantastik oyun idi”

20 June 2026 at 03:00

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino dünya çempionatının qrup mərhələsi çərçivəsində Avstraliyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində üz-üzə gəlmiş bu komandaların oyunu ABŞ millisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Bu nəticə sayəsində ABŞ yığması vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə qazanıb.

Poçettino matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, fantastik oyun və çox yaxşı keçən ilk hissə idi. Düşünürəm ki, meydanda üstün tərəf biz idik.

Çox çətin matç gözləyirdim, xüsusilə də dekabr ayında onlarla heç-heçə etdiyimizi nəzərə alsaq. Azarkeşlərimiz adına çox sevinirəm.

Kristian Pulişic zədə səbəbindən oynaya bilmədi. Amma turniri qazanmaq istəyiriksə, bizə bütün komanda lazımdır”.

Avstraliya millisinin baş məşqçisi Toni Popovic də oyundan sonra komandasının çıxışını dəyərləndirib:

“Bilmirəm, bəlkə də səbəb mövcud vəziyyət idi, amma biz ləng və çevik olmayan təsir bağışlayırdıq.

Rəqib daha sürətli, daha güclü idi, bütün ikili mübarizələri və ikinci topları qazanırdı. Belə olduqda oyunun tempini tutmaq çox çətinləşir və nəticədə iki asan qol buraxdıq.

Hesab edirəm ki, ikinci hissədə komandamız çox yaxşı reaksiya verdi. Azarkeşlərin yaratdığı böyük təzyiq və səs-küy fonunda futbolçular ikinci hissədə nəyə qadir olduqlarını göstərdilər”.

DÇ-2026: ABŞ ardıcıl ikinci qələbəsini qazandı

20 June 2026 at 01:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində ABŞ və Avstraliya yığmaları üz-üzə gəliblər. Sietldə (Vaşinqton, ABŞ) keçirilmiş D qrupunun matçında meydan sahibləri inamlı qələbəyə seviniblər.

Qeyd edək ki, bu qrupun digər oyununda Türkiyə millisi Paraqvay yığması ilə qarşılaşacaq. Bu görüşə Bakı vaxtı ilə saat 07:00-da start veriləcək.

DÇ-2026
A qrupu
19 iyun

ABŞ – Avstraliya 2:0
Qollar: Kameron Burgess, 11-öz qapısına. Aleksander Friman, 43.

Növbəti oyunların proqramı:

C qrupu
02:00. Şotlandiya – Mərakeş
04:30. Braziliya – Haiti

D qrupu
07:00. Türkiyə – Paraqvay

F qrupu
21:00. Niderland – İsveç
00:00. Almaniya – Kot-d’İvuar

❌
❌