Normal view

Before yesterdayARENA.AZ

Didye Deşam DÇ tarixində yeni rekorda imza atdı

15 July 2026 at 06:00

Fransa milli komandasının baş məşqçisi Didye Deşam futbol üzrə dünya çempionatları tarixində ən çox oyun keçirən baş məşqçi olub.

Arena.az xəbər verir ki, 57 yaşlı mütəxəssis bu rekorda DÇ-2026-nın ABŞ-ın Texas ştatının Arlinqton şəhərində keçirilmiş İspaniyaya qarşı yarımfinal matçında imza atıb.

Beləliklə, Deşam dünya çempionatlarında 26-cı oyununa çıxaraq bu göstəricidə Almaniya millisinin sabiq baş məşqçisi Helmut Şönü geridə qoyub.

Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında “xoruzlar” 2018-ci ildə dünya çempionu, 2022-ci ildə UEFA Millətlər Liqasının qalibi olub, həmçinin 2016-cı il Avropa çempionatının və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı adını qazanıb.

Bundan əvvəl açıqlanıb ki, Deşam 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra Fransa millisinin baş məşqçisi vəzifəsindən ayrılacaq.

Xatırladaq ki, fransızlar İspaniya ilə matçda 0:2 hesabıyla məğlub olaraq finala çıxa bilməyiblər. Amma bu komandanı qarşıda üçüncü yer uğrunda oyun gözləyir.

Deşam: “İspaniya bizdən daha üstün olduğunu göstərdi”

15 July 2026 at 03:00

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının texniki baxımdan rəqibdən geri qaldığını etiraf edib.

Deşam eyni zamanda oyunun hakimliyi ilə bağlı da sual ünvanlayıb:

“Futbolçularımız məyusdurlar. Ancaq obyektiv yanaşsaq, texniki cəhətdən lazımi səviyyədə deyildik. Bu, bizim öz günahımızdır.

İndi nəsə desəm, məğlubiyyətdən sonra məni ağlayan tərəf kimi qələmə verəcəklər. Amma bir sual vermək istəyirəm: bu hakim yarımfinalı idarə etmək üçün lazımi səviyyədədirmi? Buna özüm cavab verməyəcəyəm. Oyunda kifayət qədər mübahisəli epizodlar oldu.

Əsas səbəb isə odur ki, biz öz səviyyəmizdən aşağı çıxış etdik. Təhlükəli vəziyyətlər yarada biləcək çoxlu texniki səhvlərə, uğursuz ötürmələrə yol verdik.

Bu, ən yüksək səviyyədir və bunu qəbul etmək ağrılı olsa da, reallıqdır. İndi üçüncü yer uğrunda oyuna çıxacağıq. İndiyədək gördüyümüz işi kiçiltmək istəmirəm. Sadəcə, bu matçda İspaniya bizdən daha üstün olduğunu göstərdi.

Özüm haqqında düşünmürəm. Futbolçularla birlikdə finala qədər irəliləmək üçün hazırlaşmışdıq. Buna nail ola bilmədik və bu, böyük məyusluqdur. Bununla belə, komandamızın gördüyü yaxşı işi kölgə altına salmaq istəmirəm. Hesab edirəm ki, toparlanmağı bacarmışdıq. Eyni zamanda, İspaniyanın da haqqını vermək lazımdır. Onlar oyuna tam nəzarət edirdilər.

Bizə dəqiqlik və enerji çatmadı. İspanlar rəqibin hücumlarını oxumaqda, ötürmələri ələ keçirməkdə çox ustadırlar. Onların müdafiəsini daha çox çətin vəziyyətə salmaq istəyirdik”.

“Bu yanaşma bizi bu nöqtəyə gətirdi”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente isə Fransa üzərindəki qələbəni komanda birliyi ilə əlaqələndirib:

“Demək olar ki, dörd il əvvəl müəyyən bir ideya ilə yola çıxmışdıq və bu ideyaya sadiq qaldıq. Məhz bu yanaşma bizi bu nöqtəyə gətirdi.

Bu gün dünyanın ən güclü milli komandalarından biri ilə qarşılaşdıq. Ancaq onların qarşısında dünyanın ən yaxşı komandası dayanmışdı.

Biz vahid komandayıq. Bu uğuru fədakarlığımız və istedadımız sayəsində tam haqq etmişik. Futbolçularımız hər gün öz sədaqətlərini, birliklərini, səxavətlərini və bacarıqlarını nümayiş etdirirlər. Onlar çətin görünən işləri asanlaşdırırlar”.

Deşam: “Ardıcıl 3-cü dəfə yarımfinala yüksəlmək böyük uğurdur”

10 July 2026 at 06:00

DÇ-2026-nın 1/4 finalında Mərakeşi məğlub edərək yarımfinala çıxan Fransa millisinin baş məşqçisi Didye Deşam oyundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının ardıcıl üçüncü dünya çempionatında ilk “dördlük”də yer almasını yüksək qiymətləndirib:

“Ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəldik. Bu, kənardan adi və təbii görünə bilər, amma buna nail olmaq heç də asan deyil. Çətin oyun oldu, penalti epizodu da yaşandı. Mbappeyə gəlincə, onunla bağlı heç bir problem yoxdur. O, heç vaxt özünə inamını itirmir.

Kilianın topuq nahiyəsində yüngül zədəsi var idi və ağrı hiss edirdi. Manu Kone isə dizindən zərbə almışdı. Bu cür gərgin və sürətli oyunlarda belə hallar təəccüblü deyil.

Fransadakı insanların necə sevindiyini təsəvvür edirəm. Biz burada sanki öz dünyamızdayıq. Bu gün daha bir addım atdıq və yenidən son dörd komanda arasındayıq. Deməli, hələ də mübarizədəyik”, – deyə Deşam bildirib.

Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uahbi isə məğlubiyyətə baxmayaraq, komandasının inkişafını davam etdirəcəyini vurğulayıb:

“Etiraf etməliyik ki, çox güclü rəqibə qarşı oynadıq. İlk hissədə çətinlik çəkdik, Bunu penaltini dəf etdi.

İkinci hissədə həm müdafiədə daha yaxşı çıxış etdik, həm də topa daha sakit nəzarət etdik. Oyunumuz xeyli yaxşılaşdı. İlk hissədə bəzi futbolçuların nəfəsinin çatmadığı hiss olunurdu, amma eyni oyunçular fasilədən sonra daha yaxşı başladılar.

İlk qol mübahisəli epizoddan sonra vuruldu. Bəzi futbolçular əl oyunu gördükləri üçün dayanmışdılar. Əl ilə oyun var idi, amma bunun qayda pozuntusu olub-olmadığını dəqiq deyə bilmərəm. Daha sonra Mbappe fərdi keçidlə fərqləndi və qol vurdu.

Son dəqiqələr çox ağır keçdi. Amma biz inanmağa və işləməyə davam edəcəyik. Həmçinin zədələr və futbolçuların yorğun olduğu vaxtlarda seçim imkanımızın daha geniş olması üçün heyəti gücləndirməliyik.

Dayanmaq fikrində deyilik. Əlbəttə, çox məyusuq və daha artığını istəyirdik. Amma bu nəticəni qəbul etməliyik”, – deyə Uahbi bildirib.

Didye Deşam DÇ-də mütləq rekorda bir addım da yaxınlaşdı

10 July 2026 at 04:00

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatlarında keçirilən oyunların sayına görə məşqçilər arasında rekorda şərik olub.

Arena.az xəbər verir ki, DÇ-2026-nın 1/4 finalında Mərakeş yığmasına qarşı keçirdikləri görüş 56 yaşlı mütəxəssisin mundiallarda 25-ci oyunu olub.

Bununla Deşam 1966–1978-ci illərdə Almaniya Federativ Respublikasının (AFR) millisini çalışdırmış Helmut Şönün rekordunu təkrarlayıb.

Fransa milli komandası yarımfinala yüksəldiyi üçün Didye Deşam növbəti görüşdə komandasını meydana çıxaracağı təqdirdə dünya çempionatları tarixində ən çox oyun keçirən baş məşqçi olacaq. Bununla da o, bu göstəricidə yeni mütləq rekorda imza atacaq.

Xatırladaq ki, Fransa millisi Mərakeş yığması ilə oyundan 2:0 hesablı qələbə ilə ayrılıb və ilk yarımfinalçı olub. Bu komanda növbəti raundda İspaniya – Belçika görüşünün qalibi ilə üz-üzə gələcək.

❌
❌