Normal view

Yesterday — 18 June 2026ARENA.AZ

Fayzullayev DÇ-də yeni rekorda imza atdı

18 June 2026 at 21:00

Özbəkistan millisinin üzvü Abbosbek Fayzullayev XXI əsrdə dünya çempionatında başla qol vurmuş ən bəstəboy futbolçu olub.

Arena.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bunu DÇ-2026-nın K qrupunun 1-ci turunda baş tutmuş Kolumbiya ilə oyunda bacarıb.

Türkiyənin “Başakşəhər” klubuna məxsus olan oyunçunun boyu 167 sm-dir.

Əvvəlki rekord 2022-ci ildə baş tutan mundialda Qanaya qol vurmuş uruqvaylı Corcian de Arraskaetaya (173 sm) məxsus olub.

Bundan başqa, Abbosbek Fayzullayev Özbəkistan millisinin mundiallar tarixində ilk qolunun müəllifi olub.

Qarşılaşmada komandasının yeganə qolunun müəllifi olan Fayzullayev nəticədən narazı qaldıqlarını bildirib:

“Nəticəyə görə məyusuq. Heç olmasa bir xal qazana bilərdik. Uşaqlar meydanda sonadək mübarizə apardılar və bütün güclərini ortaya qoydular. İlk dəqiqələrdə həyəcan hiss olunurdu, amma ikinci hissədə yaxşı oynadıq. Rəqibin ikinci qolu bizim öz səhvimizdən sonra vuruldu. Bu, çox üzücü oldu.

Həm stadiona gəlib bizi dəstəkləyən azarkeşlərə, həm də səhər saatlarında ekran qarşısında oyunu izləyən hər kəsə təşəkkür edirəm. İndi bütün diqqətimizi qarşıda qalan iki oyuna yönəltmişik”.

Xatırladaq ki, Özbəkistan millisi Kolumbiyaya 1:3 hesabı ilə uduzub.

Yeri gəlmişkən, eyni gündə Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Neves də XXI əsrdə dünya çempionatlarında başla qol vurmuş ən qısaboylu üçüncü futbolçu kimi adını tarixə yazdırıb. O, DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Konqo Demokratik Respublikası yığmasına qarşı keçirilən oyunda dünya çempionatlarının tarixinə düşüb. Portuqaliyalı yarımmüdafiəçinin boyu 174 santimetrdir.

Portuqaliya – Konqo DR matçı 1:1 hesabıyla başa çatıb.

❌
❌