Normal view

Before yesterdayMain stream

Jorje Jezus – Portuqaliya millisinin yeni baş məşqçisi!

10 July 2026 at 22:00

Portuqaliya Futbol Federasiyası bu ölkənin milli komandasının baş məşqçi vəzifəsinə təyinatla bağlı Jorje Jezus ilə razılıq əldə olunduğunu açıqlayıb.

Arena.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssislə 4 illik (2030-cu ilin 31 iyulunadək) müqavilə imzalanıb.

Jezus bu vəzifədə dünya çempionatının (DÇ-2026) 1/8 final mərhələsində İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmış komandanın baş məşqçiliyi postundan ayrılmış Roberto Martinesi əvəzləyib.

Təcrübəli portuqaliyalı mütəxəssis son olaraq 2025-ci ilin iyulundan 2026-cı ilin mayınadək Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasını çalışdırıb. O, komandanı ölkə çempionluğuna daşıdıqdan sonra vəzifəsindən ayrıldığını açıqlamışdı.

Bundan əvvəl Jezus iki fərqli dövrdə “Əl-Hilal”a rəhbərlik edib (2018–2019 və 2023–2025). Onun rəhbərliyi altında Ər-Riyad təmsilçisi bir dəfə Səudiyyə Ərəbistanı çempionu və ölkə kubokunun qalibi olub, üç dəfə isə super kuboku qazanıb.

Jorje Jezus məşqçilik karyerası ərzində Portuqaliyanın “Benfika”, “Sportinq”, “Braqa”, “Belenenseş”, “Moreyrense” və “Vitoriya” (Gimaraynş), Braziliyanın “Flamenqo”, həmçinin Türkiyənin “Fənərbağça” komandalarını da çalışdırıb.

Jezus “Benfika” ilə üç dəfə Portuqaliya çempionu (2010, 2014, 2015), bir dəfə ölkə kubokunun (2014), beş dəfə isə super kubokun (2010, 2011, 2012, 2014, 2015) qalibi olub.

Roberto Martinesin istefası qəbul edildi – Rəsmi

8 July 2026 at 18:30

Portuqaliya Futbol Federasiyası Roberto Martinesin bu ölkənin milli komandasının baş məşqçisi postundan ayrıldığını rəsmən açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssis DÇ-2026-nın 1/8 final mərhələsində Portuqaliya millisinin İspaniya yığmasına 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmasından sonra vəzifəsini tərk edib. Bu barədə o, jurnalistlərə açıqlamasında özü məlumat vermiş və hər kəslə vidalaşmışdı. Bu gün isə federasiya rəhbərliyi Roberto Martinesin istefasını rəsmən təsdiqləyib.

Roberto Martines 2023-cü ildən Portuqaliya millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2025-ci ildə UEFA Millətlər Liqasının qalibi olub.

Yerli KİV-in məlumatına görə, Portuqaliya millisinin yeni baş məşqçisi 71 yaşlı təcrübəli mütəxəssis Jorje Jezuş olacaq.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir.

Ronaldo: “Əlimdən gələni etdim və vicdanım rahatdır”

7 July 2026 at 17:00

Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo DÇ-2026-dan sonra gələcəyi barədə düşünmək üçün özünə vaxt verəcəyini açıqlayıb.

Arena.az xəbər verir ki, 41 yaşlı hücumçu mundialdan əvvəl bu turnirin karyerasındakı son dünya çempionatı olacağını bəyan etmişdi.

O, yarışdan sonra milli komandadakı və klub karyerasındakı gələcəyi barədə tələsmədən qərar verəcəyini söyləyib:

“Doğrudur, bu mənim son dünya çempionatım idi. Qalan məsələlərə gəlincə isə, düşünmək, ailəmlə vaxt keçirmək və tələsik qərarlar verməmək üçün imkanım olacaq. Bundan sonra yoluma davam edəcəyəm”, – deyə Ronaldo bildirib.

Portuqaliyalı ulduz mundialı bu cür tərk etdiyinə görə məyus olduğunu da gizlətməyib:

“Təbii ki, dünya çempionatını belə başa vurduğum üçün kədərlənirəm. Amma mətbuat konfransında da dediyim kimi, əlimdən gələni etdim və vicdanım rahatdır. Futbol belədir, futbolçunun həyatı da belədir – bəzən qalib gəlirsən, bəzən uduzursan və hər zaman yoluna davam etməlisən”.

Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabıyla məğlub olaraq mübarizəni dayandırıb. Bu, Ronaldonun dünya çempionatlarındakı sonuncu oyunu olub.

Qeyd edək ki, Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsinin müddəti daha bir il qüvvədə qalır. Beşqat “Qızıl top” sahibi karyerası ərzində UEFA Çempionlar Liqasını beş dəfə, Avropa çempionatını bir dəfə, UEFA Millətlər Liqasını isə iki dəfə qazanıb. O, həmçinin milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları tarixinin ən məhsuldar futbolçusudur.

❌
❌