Normal view

Today — 24 June 2026ARENA.AZ

Tomas Tuxel: “Belə komandalara qol vurmaq çətindir”

24 June 2026 at 04:00

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın qrup mərhələsində Qana ilə qolsuz bərabərə qaldıqları oyunu (0:0) şərh edib.

Arena.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının qələbəyə daha yaxın olduğunu düşünsə də, rəqibin müdafiədə çox intizamlı oynadığını vurğulayıb.

“Matçın sonlarında iki yaxşı qol imkanımız oldu və bəlkə də qələbəyə layiq idik. Belə komandalara qarşı qol vurmaq çətindir, alınmadıqda isə oyun səbir sınağına çevrilir. Rəqib bu qədər aşağı blokla müdafiə olunanda oynamaq asan deyil.

Birinci hissədə tempimiz var idi, enerjili çıxış edirdik, lakin sadəcə qol vura bilmədik. Rəqibin əks-hücumlarının qarşısını çox yaxşı aldıq, müdafiədə də əla oynadıq. Meydana sonradan daxil olan futbolçular da özlərini yaxşı tərəfdən göstərdilər. Panama ilə oyun dörd gündən sonra olacaq və həmin qarşılaşma barədə daha sonra düşünəcəyik”, – deyə Tomas Tuxel matçdan sonra bildirib.

Qana millisinin baş məşqçisi Karlos Keyroş isə futbolçularının göstərdiyi mübarizədən qürur duyduğunu bildirib. Təcrübəli mütəxəssis İngiltərəni dünya çempionatının əsas favoritlərindən biri hesab etdiyini də gizlətməyib:

“Futbolçularımızın necə mübarizə aparması və oyun planına necə əməl etməsi ilə fəxr edirəm. Mənim təvazökar fikrimcə, İngiltərə dünya çempionatının qalibi olmağa əsas namizədlərdən biridir.

Bu nəticə azarkeşlərimiz üçün bir hədiyyədir. Eyni zamanda, itirdiyimiz bəzi futbolçular üçün də bir hədiyyədir. Müdafiə olunmalı olduğun zaman müsbət nəticə qazanmaq üçün məhz belə oynamaq lazımdır.

Məqsədimiz ilk hissəni üstün vəziyyətdə başa vurmaq idi ki, İngiltərənin bizi məğlub etmək şansı qalmasın. Məhz bundan sonra oyuna nəzarət etməyə başladıq. Biz də qol vura bilərdik, təəssüf ki, bunu bacarmadıq. Düşünürəm ki, İngiltərənin də fərqlənmək imkanı var idi. Buna görə heç-heçə hər iki komanda üçün ədalətli nəticə oldu”.

Before yesterdayARENA.AZ

Tomas Tuxel: “Futbolçuların reaksiyası xoşuma gəldi”

18 June 2026 at 03:00

İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel dünya çempionatının qrup mərhələsində Xorvatiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində üz-üzə gəlmiş komandaların görüşündə İngiltərə millisi 4:2 hesablı qələbəyə sevinib.

Tomas Tuxel matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı reaksiya göstərdik. Birinci hissə bizim üçün bir qədər çətin keçdi. Komandada müəyyən gərginlik hiss olunurdu. Verdiyimiz qərarlar daha ehtiyatlı oynamaq və geri çəkilmək istəyi ilə bağlı idi. Oyunun ritmini tapmaqda çətinlik çəkirdik və rəqibin müdafiəsindəki boşluqlardan istifadə etmək üçün bizə özünəinam çatmırdı.

Statistikaya baxdım: birinci hissədə ikili mübarizələrin cəmi 33 faizini, ikinci hissədə isə 73 faizini qazanmışıq. Deməli, topsuz oyunda da ilk hissədə kifayət qədər yaxşı deyildik, lazımi fədakarlığı göstərmirdik.

İkinci hissədə futbolçuların reaksiyası xoşuma gəldi. Bu emosional bir qarşılaşma idi, meydanda çoxlu hisslər yaşanırdı. Oyunun ritminə düşmək üçün bizə müəyyən vaxt lazım oldu”.

Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç isə uduzduqları oyundan sonra komandasının çıxışını tənqid edib:

“İkinci hissəni çox pis keçirdik. Birinci hissədə iki qolu standart vəziyyətlərdən buraxdıq, onlardan biri penalti idi. Bəzi məqamlarda səhvlərə yol verdik.

Üçüncü qolu uzun ötürmədən sonra buraxdıq və həmin andan etibarən oyuna qayıtmağın nə qədər çətin olduğunu gördük. Biz pis reaksiya verdik və oyunumuzu yenidən düzgün qura bilmədik”.

❌
❌