Normal view

Yesterday — 8 June 2026ARENA.AZ

Vinisius Junior: “Ömrüm boyu “Real”da qalmaq istəyirəm”

7 June 2026 at 13:00

Madrid “Real”ının 25 yaşlı braziliyalı cinah hücumçusu Vinisius Junior İspaniya klubunun düşərgəsindəki gələcəyi ilə bağlı fikrini açıqlayıb.

Arena.az braziliyalı ulduzun müvafiq fikrini təqdim edir:

“Real” – arzularımın klubudur. Bütün ömrüm boyu burada qalmaq istəyirəm”, deyə “Vini” vurğulayıb.

“Real”ın prezidenti Florentino Peres də Vinisius Juniorla yeni müqavilə ilə bağlı danışıqlara münasibət bildirib. O, yeni müqavilə üçün hələ tələsmədiklərini söyləyib:

“Vinisiusun müqaviləsi bir ildən sonra bitir və o, hələ də müqaviləni yeniləməyib? Hələ vaxt var. Vinisiusun müqaviləsini yeniləməyə tələsmirik. Danışmaq üçün qarşıda bütün mövsümümüz var. Hər şeyə görə məsuliyyət daşıdığımı düşünürsünüz, amma bu, idman direktorunun işidir. Vinisius “Real”ın ən yaxşı oyunçularından biridir. Onun “Real”da əbədi qalmasını istərdim. O, bizə iki Çempionlar Liqası titulunu qazandırıb və kluba çox yaxşı uyğunlaşır. Bilirsiniz, onu kim sevmir? “Real” azarkeşi olmayanlar”.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.

Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Vini” “Real”da 375 oyun keçirib, 128 qol vurub, 100 məhsuldar ötürmə verib.

Vinisius “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 49 oyun keçirib, 9 qol vurub və 9 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” 25 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

❌
❌