Coy-Lens Mikels 100-ə çatdı, 7-ci oldu
“Sabah”ın almaniyalı hücumçusu Coy-Lens Mikels futbol üzrə Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, 32 yaşlı futbolçunun yubileyi 2025/2026-cı illər mövsümünün 21-ci turuna təsadüf edib.
O, “Kəpəz”lə ev qarşılaşmasında (1:0) meydana sonradan çıxıb. Azərbaycanda yalnız bir klubda – “Sabah”da forma geyinən 32 yaşlı forvard 100 oyunda 47 qol vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.
Coy-Lens Mikels çempionatın tarixində ən azı 100 oyun keçirən legioner statuslu futbolçular arasında ən yüksək orta məhsuldarlığa malikdir. Ümumilikdə isə Mikels minimum 100 matça çıxanların siyahısında orta göstəricidə 7-ci nəticəyə malikdir.
Azərbaycan Premyer Liqasında 2021-ci ildə debüt etmiş Coy-Lens Mikels ölkəmizdə yalnız “Sabah”ın formasını geyinib. O, 2021-23-cü illərdə şərəfini qoruduğu kluba 2024-cü ildə qayıdıb.
Qeyd edək ki, Coy-Lens turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub. O, eyni klubda buna nail olan 210-cu oyunçudur.