Raffaele Palladino – A Seriyasında fevralın ən yaxşı məşqçisi
“Atalanta”nın baş məşqçisi, italiyalı futbol mütəxəssisi Raffaele Palladino A Seriyasında fevral ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya A Seriyasının rəsmi saytı məlumat yayıb.
“Atalanta” bu ilin fevralında A Seriyası çərçivəsində keçirdiyi 4 oyundan 3-də qələbə qazanıb. Komanda “Kremoneze”yə (2:1), “Latsio”ya (2:0) və “Napoli”yə (2:1) qalib gəlib, “Komo” ilə heç-heçə edib (0:0).
“Atalanta” 27 turdan sonra 45 xal toplayıb və turnir cədvəlində 7-ci yerdə qərarlaşıb.
Palladino karyerasında 2-ci dəfə bu mükafata layiq görülüb. O, 2023-cü ilin aprel ayında “Montsa”ya rəhbərlik etdiyi dövrdə də oxşar uğura imza atmışdı.
A Seriyasının cari mövsümündəki ilk mükafatı “Kremoneze”yə rəhbərlik edən Davide Nikola qazanmışdı. O, avqustun ən yaxşısı seçilmişdi. Sentyabrda və noyabrda “Milan”ı çalışdıran Massimiliano Alleqri, oktyabrda “Roma”ya rəhbərlik edən Can Pyero Qasperini, dekabrda və bu ilin yanvarında isə “İnter”i çalışdıran Kristian Kivu fərqlənmişdi.
Xatırladaq ki, Raffaele Palladino “Atalanta”nı 2025-ci ilin noyabr ayında qəbul edib. Bu müddətdə italyan mütəxəssis Berqamo təmsilçisini 25 oyuna çıxarıb, 15 qələbə, 3 heç-heçə, 7 məğlubiyyət yaşayıb.
41 yaşlı italyan mütəxəssis daha öncə “Fiorentina” və “Montsa”ya da rəhbərlik edib.