Donyell Malen – A Seriyasında fevralın ən yaxşısı!
“Roma”nın niderlandlı mərkəz hücumçusu Donyell Malen İtaliya A Seriyasında fevral ayının ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.
27 yaşlı futbolçu azarkeşlər arasında keçirilmiş səsvermədə Lautaro Martines (“İnter”), Domeniko Berardi (“Sassuolo”), Marko Karnesekki (“Atalanta”), Federiko Dimarko (“İnter”), Moyze Kin (“Fiorentina”), Ueston Makkenni (“Yuventus”) kimi oyunçuları qabaqlayıb.
Malen ötən ay komandasının heyətində A Seriyasında çıxdığı 4 matçda 4 qol vurub.
Xatırladaq ki, A Seriyasında avqust ayının ən yaxşısı “Yuventus”un türkiyəli hücumçusu Kenan Yıldız seçilmişdi. Sentyabrda “Milan”ın amerikalı legioneri Kristian Pulişiç ən yaxşı elan edilmişdisə, oktyabrda “Napoli”nin kamerunlu mərkəz yarımmüdafiəçisi Frank Anqissa, noyabrda “Kremoneze”nin forvardı Ceymi Vardi, dekabrda “İnter”in hücumçusu Lautaro Martines, yanvarda Federiko Dimarko (“İnter”) fərqlənmişdi.
“Roma” Donyell Maleni bu ilin əvvəlində İngiltərənin “Aston Villa” komandasından icarəyə götürüb. “Canavarlar” cari mövsümün sonunda niderlandlı futbolçunun transfer hüquqlarını satın almaq hüququna da malikdir. İtaliya klubu Malenin yarım mövsümlük icarəsi üçün “Aston Villa”ya 2 milyon avro ödəyib. 27 yaşlı forvard “Roma”nın heyətində indiyə qədər 12 oyuna çıxıb, 8 qol və 1 assist müəllifi olub.
Donyell Malen “Ayaks”ın yetirməsidir. London “Arsenal”ının da sistemindən keçmiş forvard peşəkar karyerasına PSV-də başlayıb. O 2021-ci ilin iyul ayında məhz PSV klubundan 30 milyon avro qarşılığında Dortmund “Borussiya”sına keçib. “Aston Villa” isə bu futbolçunu 2025-ci ilin yanvarında 25 milyon avro müqabilində heyətinə qatmışdı. O, İngiltərə klubunun heyətində 46 matça çıxıb. Hücumçu bu görüşərdə 10 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Malen Niderlandın müxtəlif yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2019-cu ilin sentyabr ayında əsas millidə debüt edib. O, Niderland millisində də 49 oyuna çıxıb, 13 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.