Normal view

Today — 16 April 2026Main stream

Davin Cəfərov Portuqaliyada beynəlxalq kartinq yarışının qalibi oldu

16 April 2026 at 11:15

Azərbaycanın yüksələn motorsport istedadı, 16 yaşlı Davin Cəfərov beynəlxalq arenada sabit performansını və yüksək rəqabət qabiliyyətini bir daha nümayiş etdirib.

Futbolpress.az xəbər verir ki, Formula 4 üzrə uğurla keçdiyi iki test sessiyasından sonra o, yarış ritmini qorumaq və formasını yüksək səviyyədə saxlamaq məqsədilə Portuqaliyada, KIRO (“Karting International West Region trekində”) keçirilən “TAG Livre Portuguese Trophy” yarışında iştirak edib.

Yarışda Portuqaliya, İtaliya, Cənubi Afrika, Anqola və Böyük Britaniyadan olan pilotlar mübarizə apararaq güclü beynəlxalq rəqabət mühiti formalaşdırıblar. Güclü külək və arabir yağan yağış nəticəsində trasda tutumun və görünmənin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Davin Cəfərov yüksək səviyyəli çıxış sərgiləyib.

Yarış həftəsonu gərgin mübarizə ilə yadda qalıb, ümumilikdə 8 qəza qeydə alınıb. Buna baxmayaraq, Davin Cəfərov hər üç yarışı səhvsiz və qəzasız başa vurub. Onun sabit və inamlı çıxışı yekunda birinci yerlə nəticələnib. Bununla da Davin Cəfərov yenidən podiumun ən yüksək pilləsinə yüksələrək motorsport dünyasında perspektivli pilot kimi mövqeyini daha da möhkəmləndirib.

Davin Cəfərov yalnız trekdə deyil, trekdən kənarda da Azərbaycanı qürurla təmsil etməyə davam edir. Onun artıq tanınan “44 qələbə jesti” bu dəfə də digər pilotların və komanda üzvlərinin diqqətini cəlb edib. Davin Cəfərov bildirib ki, bu jest Azərbaycanın 44 günlük Zəfərinə həsr olunub və dözümlülüyün, qətiyyətin, eləcə də milli qürurun rəmzidir.

❌
❌