Normal view

Today — 19 April 2026Main stream

Qurbanov: “Buna göz yuma bilmərik”

18 April 2026 at 23:00

Misli Premyer Liqasının XXVIII turunun “Qarabağ” – “Sabah” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Əvvəlki oyunlar daha bolqollu olmuşdu. Bu gün də yaxşı mübarizə oldu, amma sonluqlarda çatışmazlıq yaşandı. Daha yaxşı oynaya bilərdik, əfsuslar olsun ki, bunu bacarmadıq. “Sabah” qalibiyyəti haqq etdi. Qarşıda sıx qrafikimiz var. Pozitiv notlarla irəliyə baxmalıyıq. Komandanın əvvəlki istəyini,oyun intizamını geri qaytarmalııq. Bəzi oyunçuların performansında çatışmazlıqlar var idi.

– Bəzi futbolçular meydanda sürüşürdü. Bu, nə ilə bağlı idi?

– Deməmişdim sürüşəsiniz (gülür). Bəlkə onlar olan yer sürüşkən idi. Daha möhkəm dayanmaq lazımdır.

– Elvin, Abbas, Sami, bu futbolçular ikinci komandaya göndərilib. Növbəti oyun üçün rəqibləri analiz edirsiniz. Bu qədər yüklənmənin fonunda bezdiyiniz, yorulduğunuz an olur? Özünüzü necə hiss edirsiniz?

– Məşqçi olaraq yorulmağı düşünməli deyiləm. Bəli, bir az çatışmazlıqlar, gərginliklər var. ÇL-də yaxşı nəticələr oldu. Yenidən çempionata köklənə bilmədik, öz tempimizi də geri qaytara bilmədik. Burada bəzi səbəblər var. Sıx qrafik… Sanki daha çox bir yerdə məşq etməyimizə ehtiyac var idi. Amma artıq neçə ay idi 3-4 gündən bir oyuna çıxırdıq. Oyun keyfiyyətimiz əvvəlki kimi deyildi. Lakin bunlar nəticələrə bəhanə ola bilməz, sadəcə təsir edən amillərdir. İllər boyu bu cür oynamışıq. “Sabah” daha aktivdir, kompleks baxımından daha yaxşı hazırlanıb. Çempionatda isə zaman keçdikcə hamı bir-birini tanıyır. Eyni rəqiblə bir neçə dəfə qarşılaşdıqda, ona qarşı daha inamlı olursan. Çempionatda komandalar öz qabiliyyətlərini daim təkmilləşdirirlər. Açığı, çempionata istədiyimiz kimi hazır ola bilmədik. Sanki fikir ÇL-ə köklənmişdi. Hər iki cəbhədə öz oyunmuzu qoruyub-saxlaya bilmədik. Görünən odur ki, təkcə mən yox, kollektivdə də psixoloji yorğunluq var. Bu, normal haldır. Dünya təcrübəsində də belə hallar olur. Bir məşqçi olaraq, gələcəyə pozitiv  baxmalıyıq. Çatışmazlıqları isə aradan qaldırmalıyıq.

– Elvin Cəfərquliyevi bağışlamaq olar?

– Hələ ki bilmirəm. Bu günə qədər bağışlaya-bağışlaya gəlmişik. Özümüz də bu yolu keçmişik, futbolçu kimi səhvlər etmişik, cərimələnmişik və bundan nəticə çıxarmışıq. Oyunçular ayrı-arılıqda bu cür rəqiblərə qarşı və bu cür yükün altına girərkən qarşıda onları hansı vacib oyunların gözlədiyini bəzən nəzərə almırlar. Məğlubiyyətdən sonra sənin yaşam tərzin necədir? Çox detallar var. Bu, ilk hal deyil, bəzi oyunçular cərimələnib. Qarşıdakı gedişata baxacağıq. Bu günə qədər bir çox futbolçunu bağışlamışıq.

– Elvinə demişdiniz ki, düzəlməsən, səni komandadan göndərəcəm. İndi də əvəzedici heyətə göndərəcəksiniz. Onun problemi nədir? 

– Sevindirici tərəfi odur ki, nə var onu danışıb, onu deyib. Söhbətimiz olub və s.  İstənilən futbolçunun arxasındayam. Bu günə qədər elə hal olmayıb ki, hansısa futbolçunun inkişafını, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunun belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş dövrü olur ki, həmin vaxt futbolçu daha möhkəm və xarakterli olmalıdır. O, ÇL-də turun oyunçusu da seçilib.

Futbolçulara hər zaman deyirəm, bir oyunla missiya tamamlanmır. Bu, “Qarabağ” klubudur. Bir-iki oyun qalib gəlməklə deyil, bəzən bir xal belə sənə mane ola bilər. O demək deyil ki, ÇL-də 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanma məsələsinə gəldikdə isə, proses davam edir.

Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar. Amma klubun adı “Qarabağ”dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir. Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özlərinə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək, çempionatı belə yola verməli deyilik. Bu gün oyundan razı qalmadım. Məğlub olduğumuz əvvəlki matçdan razı qalmışdım. Bugünkü oyun üçün 4-5 məşq birlikdə keçirmişdik.  Bəlkə oyunçularımı daha dərindən analiz etməliyəm – həm yaşam tərzini, həm də hərtərəfli hazırlığını.

– Sami Mmae “Dinamo”ya geri qayıdıb?

– Onu əvəzedici heyətə göndərmişdik. Klubu ilə razılıq əldə olunub. Zaqrebə hələ qayıda bilməz. Razılığa gəldik ki, bizim əvəzedici heyətlə də məşq etməyə bilər. Qarşılıqlı imza atılıb, bir-birimizə qarşı heç bir etirazımız yoxdur.

– “Qarabağ”ın “Sabah”la kubok oyunundan nə gözləyirsiniz? Heyətdə dəyişikliklər olacaq? 

– Böyük ehtimalla olacaq. Çox hazırlıqlı komandaya qarşı oynayacağıq. Nələrisə dəyişəcəyik. Sona qədər mübarizə aparacağıq.

– “Qarabağ”ın çempionluğu əldən verməsi azarkeşlərin etirazına səbəb olub. Əsasən də sosial şəbəkələrdə…

– Sosial şəbəkələrdə kimlər yazır, bilinmir. Bizim azarkeşlərimiz xeyli saydadır, stadiona gələn də olur, gəlməyən də. Daim yanımızda olan azarkeşlərimiz var. Mənə neqativ bir şey gəlib çatmayıb. Azarkeşlərimiz böyük təcrübəyə sahibdirlər, onların baxış bucağı da fərqlidir. Bilirlər ki, 3-4 il uğur varsa, sonra hansısa dəyişiklik ola bilər. Etiraz varsa, bu da normaldır. Əlavə fikir bildirmək niyyətində deyiləm. Hamısı özümüzünküdür.

– Bir neçə gün əvvəl doğum gününüz oldu. Özünüzə nə arzu etdiniz?

– Doğum günüm üçün özümə xüsusi bir arzu etmirəm. Allahıma şükür edirəm ki, dünyaya gəlmişəm və yaşayıram. Həmişə yalnız sağlamlıq arzulayıram.

Şahin Cəfərov 

❌
❌