Normal view

Before yesterdayMain stream

DÇ-2026: “Ay-ulduzlular” yenidən “səhnə”də – D qrupuna baxış

4 June 2026 at 21:28

ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatının startına 10 gün qalıb. “Futbolpress” yeni rubrikaya başlayır – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edəcək.

Ötən yazılarımızda A, B və C qrupunu dəyərləndirdik. İndi isə D qrupuna nəzər salaq:

Qrup D:
Avstraliya
ABŞ
Türkiyə
Paraqvay

Avstraliya

“Socceroos” ləqəbli komanda tarixində yeddinci dəfə dünya çempionatlarında iştirak edəcək. Ən yaxşı nəticəsini 2022-ci ildə 1/8 finala yüksəlməklə əldə edən Avstraliya növbəti dəfə uğurunu təkrarlamaq niyyətindədir.

Okeaniya təmsilçisi olmasına baxmayaraq, Asiya seçmələrindən mundiala vəsiqə əldə edən milli komanda iki dəfə 1/8 final oynayıb. Maraqlıdır ki, həm 2006, həm 2022-ci ildə onlar həmin dünya çempionatının qalibinə uduzaraq, turnirlə vidalaşıb.

2006 mundialında komanda sensasiyaya imza atıb. Belə ki, Yaponiya ilə matçda 84-cü dəqiqəyə qədər 0:1 hesabıyla geridə olan yığma ardıcıl qollar vurmaqla 3:1 hesablı qələbə qazanmış və bu, ölkənin tarixinə dünya çempionatlarındakı ilk qalibiyyət kimi düşmüşdü.

Avstraliya yığmasının heyətinin dəyəri 77.60 milyon avrodur. Qrupda zəif bəndlərdən hesab edilən “Socceroos” oyunçularının demək olar, 70-80 faizi Avropa klublarında oynayır. Komandanın ən dəyərlisi 12 milyon avro ilə Cordan Boşdur. “Feyenoord”da çıxış edən 23 yaşlı oyunçu sol cinah müdafiəçisidir.

Avstraliya yığması mundiallarda:
20 oyun, 4 qələbə, 4 heç-heçə, 12 məğlubiyyət.

ABŞ

Ev sahibi kimi turnirdə iştirak edən amerikalılar qrupun favoritlərindəndir. Tanınmış məşqçi Maurisio Poçettinonun rəhbərlik etdiyi kollektiv 12-ci dəfə mundialların əsas mərhələsində mübarizə aparacaq. Komandanın ən böyük uğuru 1930-cu ilə təsadüf edir. Yığma həmin çempionatda bürünc medal qazanıb.

“The Stars and Stripes” (Ulduzlar və Zolaqlar) ləqəbli milli komandanın son uğuru isə 2002-ci ildə 1/4 final oynamaqdır. ABŞ yığması haqqında daha bir qeyd edilməli fakt isə son üç mundialda 1/8 finala qədər irəliləməsidir.

ABŞ yığmasının heyətinin dəyəri 385.65 milyon avrodur. Komandada Kristian Pulişiç, Ueston Makkenni, Folarin Baloqun kimi Avropanın TOP-5 çempionatlarında oynayan futbolçular var.

ABŞ haqda dünya çempionatlarındakı daha bir maraqlı məqam isə 1950-ci il mundialında həmin dövrün ən güclüsü hesab edilən İngiltərəyə qalib gəlmələri idi. Bu nəticə futbol tarixinin sensasiyalı oyunları arasındadır.

ABŞ millisi mundiallarda:
37 oyun, 9 qələbə, 8 heç-heçə, 20 məğlubiyyət.

Türkiyə

Azərbaycan futbolsevərlərinin də yaxından izləyəcəyi “ay ulduzlular” uzun fasilədən sonra mundiala qayıdıb. 2002-ci ildə üçüncü yeri tutan Türkiyə yığması həmin ildən sonra sanki tilsimləndi. Növbəti 5 dünya çempionatından kənarda qalan “qırmızılar” bu dəfə yenidən “səhnə”də olacaq.

Tarixində üçüncü dəfə mundiala vəsiqə qazanan türklər sürprizə imza atmaq potensialı olan yığmalar arasında göstərilir. “Bizim çoçuklar” ləqəbli komandanın heyətində ulduzu parlamaqda olan Arda Güler, Kenan Yıldız kimi gənclər dünya arenasında “qırmızı” formada adından söz etdirməyə çalışacaq.

Türkiyə yığmasının heyətinin dəyəri 473.70 milyon avrodur. Bu, D qrupunun ən bahalı komandası deməkdir. Favoritlər sırasında olan türklər son dönəmlərdə yaxşı nəticələrlə diqqət çəkir və hədəf azı 1/8 final oynamaqdır.

Türkiyə millisi mundiallarda:
10 oyun, 5 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət.

Paraqvay

“La Albirojja” (“Qırmızı-ağlar”) ləqəbli komanda qrupun Cənubi Amerikadan olan yeganə təmsilçisidir. Milli tarixində 9-cu dəfə mundialda mübarizə aparacaq. Paraqvay 1930-cu ildəki dünya çempionatında iştirak edən komandalardan da biridir.

Buna qədər ən böyük uğuru 1/4 final oynamaq olan Paraqvay son illərin stabil yığmalarından hesab edilir. 2010-cu ildə Afrikada baş tutan mundialda komanda yarımfinalın bir addımlığında həmin ilin çempionu İspaniyaya uduzmuşdu.

“La Albirojja”nın heyətinin dəyəri 153.65 milyon avrodur. Komandada əsas oyunçular “Strasburq”da çıxış edən Xulio Enkiso və “Brayton”da oynayan Dieqo Qomesdir. Hər iki futbolçunun dəyəri 25 milyon avrodur.

Paraqvay yığması mundiallarda:
27 oyun, 7 qələbə, 10 heç-heçə, 10 məğlubiyyət.

D qrupunun afişası:
13 iyun ABŞ – Paraqvay
14 iyun Avstraliya – Türkiyə
19 iyun ABŞ – Avstraliya
20 iyun Türkiyə – Paraqvay
26 iyun Paraqvay – Avstraliya
26 iyun Türkiyə – ABŞ

Şahin Cəfərov

❌
❌