Normal view

Today — 13 May 2026Main stream

Andreas Kristensen sıraya döndü

13 May 2026 at 18:00

İspaniyanın “Barselona” komandasının mərkəz müdafiəçisi Andreas Kristensen uzun müddətli zədədən sonra sıraya dönüb.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, Kristensen La Liqanın 26-cı turunda “Alaves”lə oyun üçün heyətə daxil edilib. 30 yaşlı futbolçu meydana çıxmaq üçün hazırdır.

Xatırladaq ki, danimarkalı futbolçu ötən ilin dekabr ayında çarpaz bağlarından zədələnərək uzun müddətə sıradan çıxmışdı.

“Alaves” – “Barselona” oyunu bu gün, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Andreas Kristensen futbola “Skyal Birkeröd” klubunda qədəm qoyub, ardınca “Brondbü” və “Çelsi”də çıxış edərək, böyük futbolda “zadəganlar”la debüt edib. Bir müddət Mönhenqladbax “Borussiya”sında icarə əsasında çıxış etmiş Kristenseni “Barselona” 2022-ci ilin iyul ayında “Çelsi”dən azad agent qismində “baluqrana”nın düşərgəsinə qatıb.

Kataloniya klubunun danimarkalı futbolçu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kristensen “blauqrana” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 9 oyun keçirib.

Kristensenin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi 89 oyun, 4 qol və 3 məhsuldar ötürmədən ibarətdir.

Müdafiəçi “Barselona” ilə iki dəfə İspaniya çempionu (2022/2023, 2024/2025) olub, bir dəfə İspaniya Super Kubokunu (2022/2023) qazanıb. 2023-cü ildə Danimarkada ilin ən yaxşı futbolçusu seçilmiş Andreas “Çelsi”nin heyətində də bir neçə titul qazanıb.

Andreas Kristensen 2015-ci ilin iyun ayında debüt etdiyi Danimarka yığmasının heyətində 78 oyuna çıxıb, 4 qol vurub.

“Transfermarkt” internet-portalı 29 yaşlı danimarkalı mərkəz müdafiəçisi Andres Kristensenin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

❌
❌