Ayxan Hüseynov “Zirə”də – Rəsmi
“Turan Tovuz”dan ayrılmış Azərbaycan millisinin hücumameyilli yarımmüdafiəçisi Ayxan Hüseynov “Zirə” ilə rəsmi müqaviləyə imza atıb.
Arena.az bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, “Zirə” bu gün yeni futbolçuyla anlaşıb. Sözügedən klub Ayxan Hüseynovu heyətinə qatıb. Yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.
Ayxan Hüseynov Rusiyada dünyaya göz açıb və futbolun sirlərinə bu ölkənin müxtəlif klublarında yiyələnib. O, “Zenit”, “Leninqradets”, “Nijni Novqorod”, “Ural”, “Dolqoprudni”, “Ximki” kimi klubların müxtəlif yaş qrupları üzrə komandalarında oynayıb. “Turan Tovuz” bu futbolçunu 2022-ci ilin yayında “Ximki”dən azad agent kimi heyətinə cəlb etmişdi. Ayxan Tovuz klubunun əsas komandasının heyətində 142 oyuna çıxıb, 24 qol vurub, 31 məhsuldar ötürmə verib.
Ayxan 2026-cı mart ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 4 oyuna çıxıb, 1 assistlə yadda qalıb.
Yeri gəlmişkən, “Zirə”nin sabiq məşqçisi Eltun Yaqublu yenidən bu klubda çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaqublu “Zirə”nin yeni yaradılmış Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib. Mütəxəssislə 2 illik müqavilə bağlanıb.
Xatırladaq ki, Eltun Yaqublu 2020-2025-ci illərdə “Zirə”də məşqçi kimi fəaliyyət göstərib.