FIFA əleyhinə plakat qaldıran azarkeş cərimələndi – DÇ-də
Kanadanın Toronto şəhərində FIFA-nı tənqid edən plakat qaldırmış azarkeş polis tərəfindən saxlanılıb və cərimələnib.
Arena.az xəbər verir ki, 64 yaşlı Yan Maraseviç şəhərin sərgi kompleksi yaxınlığında üzərində “FIFA = Tamahkarlıq” yazılmış əl istehsalı plakatla etiraz aksiyası keçirib.
Bir müddət sonra polis əməkdaşları ona yaxınlaşaraq plakatı yığışdırmağı tələb ediblər. Daha sonra isə azarkeş sərgi kompleksinin ərazisinə qanunsuz daxil olmaq ittihamı ilə saxlanılıb. Polis bölməsində ona 65 ABŞ dolları məbləğində cərimə yazıldıqdan sonra sərbəst buraxılıb.
Kanada millisinin azarkeşi olan Maraseviç etirazının əsas səbəbinin dünya çempionatının biletlərinin həddindən artıq baha olması olduğunu bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında matçlara biletləri təxminən 50 dollara aldığı halda, builki mundialda ən ucuz bilet Qana – Panama (1:1) oyunu üçün 195 dollar olub.
Maraseviç əlavə edib ki, Kanada millisinin Bosniya və Herseqovina ilə (1:1) keçirdiyi ilk oyunun biletləri 1300 dollardan başlayır, ən bahalı biletlərin qiyməti isə 3035 dollara çatırdı.
“Futbolu yüz ildən çoxdur bütün dünya sevir və bu oyun həmişə hər kəs üçün əlçatan olub. İndi isə stadiona yalnız pulu olanlar gedə bilir”, – deyə azarkeş bildirib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı iyulun 19-da başa çatacaq. Turnirin Kanadadakı oyunları Toronto və Vankuver şəhərlərində keçirilib.
