Normal view

Before yesterdayMain stream

Conatan Devid Kanada millisinin və DÇ-nin tarixinə düşdü

19 June 2026 at 12:00

Kanada yığmasının hücumçusu Conatan Devid DÇ-2026-nın qrup mərhələsində Qətərlə matçda het-trik edərək dünya çempionatları tarixinə düşüb.

Arena.az xəbər verir ki, futbolçu 1966-cı ildən bəri mundialda ev sahibi ölkə millisinin heyətində het-trik edən ilk oyunçu ünvanına yiyələnib.

Bütövlükdə isə bu, dünya çempionatları tarixində 6-cı belə haldır.

Conatan Devid dünya çempionatları tarixində daha bir nadir uğura imza atıb. Kanadalı forvard 1930-cu ildən bəri KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) ölkələrini təmsil edən ilk futbolçu olub ki, dünya çempionatında bir matçda 3 qol vurub.

Bundan əvvəl dünya çempionatında bir oyunda üç qol vuran son KONKAKAF futbolçusu ABŞ millisinin sabiq hücumçusu Bert Patenaude olmuşdu. O, bunu 1930-cu ildə Paraqvaya qarşı oyunda bacarmışdı.

Kanada yığması da Qətər üzərində qazandığı 6:0 hesablı qələbə ilə tarixi nailiyyətə imza atıb. Sözügedən komanda dünya çempionatları tarixində Avropa və Cənubi Amerika xaricindən çıxan ilk komanda olub ki, bir oyunda 5-dən çox qol vurmağı bacarıb.

Vankuverdə keçirilmiş qarşılaşmada həm də Qətər millisinin baş məşqçisi Xulen Lopeteqi dünya çempionatları tarixində ispan məşqçilərin rəhbərlik etdiyi komandalar arasında ən böyük hesablı məğlubiyyət rekordunun sahibi olub.

İki turdan sonra Kanada B qrupunda 4 xalla liderdir. Eyni xala malik İsveçrə yığması ikinci pillədə qərarlaşıb. Bosniya və Herseqovina və Qətər yığmaları isə hərəyə 1 xal toplayıblar.

Qrup mərhələsinin son turunda Kanada İsveçrə ilə, Qətər Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçirilir. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnir iyulun 19-da başa çatacaq.

İsmael Kone Qətərlə matçda ağır zədə aldı, DÇ ilə vidalaşdı

19 June 2026 at 06:00

Kanada millisinin yarımmüdafiəçisi İsmael Kone dünya çempionatının qrup mərhələsinin 2-ci turunda Qətərlə oyunda ciddi zədə alıb.

Arena.az xəbər verir ki, Vankuverdə keçirilmiş qarşılaşmanın 52-ci dəqiqəsində, hesab 3:0 Kanada komandasının xeyrinə olarkən, Qətər millisinin müdafiəçisi Asim Madibo Koneyə qarşı kobud qayda pozuntusuna yol verib.

Bundan sonra həkimlər dərhal meydana daxil olaraq futbolçuya ilkin yardım göstəriblər. Zədənin ağırlığı səbəbindən Kone meydanı xərəkdə tərk edib. Hadisədən sonra futbolçular arasında gərginlik yaşanıb və qısa müddətli qarşıdurma baş verib.

Kanada yığmasının bəzi üzvləri zədə alan komanda yoldaşına görə göz yaşlarını saxlaya bilməyiblər. Zədənin həddən artıq ciddi olması səbəbindən matçın yayımı zamanı epizodun təkrarının göstərilməməsi qərara alınıb. Çünki qayda pozuntusu zamanı Konenin ayağı qırılıb.

Baş hakim qayda pozuntusuna görə Madibonu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb. Qətər millisi oyunu doqquz nəfərlə davam etdirmək məcburiyyətində qalıb. Belə ki, bundan əvvəl komandanın digər üzvü Homam Əl-Əmin də qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

İtaliyanın “Sassuolo” klubunun formasını geyinən İsmael Kone ağır zədə səbəbindən ən qısa zamanda əməliyyat olunacaq. Onun bərpa müddəti dəqiq bilinməsə də, bu dünya çempionatında bir daha oynamayacağı dəqiqdir.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

Cessi Marş: “Bu, bizim üçün tarixi qələbədir”

19 June 2026 at 05:00

Kanada millisinin baş məşqçisi Cessi Marş dünya çempionatının qrup mərhələsi çərçivəsində Qətərə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Kanada millisi DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşdığı bu rəqibini 6:0 hesabıyla məğlub edib.

Cessi Marş matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, bizim üçün tarixi qələbədir. Lakin hazırda ən çox düşündüyümüz məsələ İsmayıl Konedir. Onun zədəsi bizi çox narahat edir. Komanda olaraq onun ətrafında birləşmişik və ən qısa zamanda sağalmasını arzulayırıq. İsmayıl əla insandır. O, ideal deyil, amma məhz buna görə onu sevirik. O, digər futbolçuların bacarmadığı şeyləri edə bilir. O, bir çox cəhətdən komandamızın simvoludur. Bosniya və Herseqovina ilə oyunda ən yaxşı futbolçumuz idi. Bu, bizim üçün çox böyük itkidir. Biz bütün qəlbimizlə onun yanındayıq və ona dəstək oluruq. Amma əminəm ki, bu oğlanın qarşıda çox böyük gələcəyi var”.

Qətər yığmasının baş məşqçisi Xulen Lopeteqi isə ağır məğlubiyyəti belə şərh edib:

“Bu, bir neçə səbəbə görə çox çətin matç idi. Biz çox güclü rəqibə qarşı oynayırdıq. Oyunun əvvəlində qol buraxdıq, daha sonra isə qırmızı vərəqə aldıq. Bu, dönüş nöqtəsi oldu.

İlk qırmızı vərəqə və üçüncü qol oyunun taleyini həll etdi. Amma futbol belədir. İndi futbolçularımızı fiziki, mənəvi və psixoloji baxımdan bərpa etməliyik.

Dünya çempionatında hər növbəti oyun əvvəlkindən daha çətin olur. Lakin biz bu turnirdə iştirak etmək haqqını qazanmışıq.

Bosniya və Herseqovina ilə oyun? Həmin qarşılaşmada səhv etmək hüququmuz yoxdur. Bu, həm bizim, həm də onların son oyunu olacaq. İndi əsas məqsəd bərpa olunmaqdır. Dediyim kimi, bu matç bir neçə səbəbə görə çox ağır keçdi. Futbolçuların sağlamlığının qayğısına qalmalıyıq, sonra isə nə olacağını görəcəyik”.

DÇ-2026: Kanada Qətərə 6 cavabsız qolla qalib gəldi

19 June 2026 at 04:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Kanada və Qətər yığmaları üz-üzə gəliblər. Vankuverdə keçirilmiş B qrupunun matçında meydan sahibləri darmadağınla qələbə qazanıblar. Meydan sahiblərinin heyətində Conatan Devid het-trikə imza atıb. Kayl Larin və Neytan Saliba hərəyə bir qol vurublar. Manay Mohamed isə avtoqol müəllifi olub.

Qeyd edək ki, bu qrupun digər oyununda İsveçrə Bosniya və Herseqovina yığmasını 4:1 hesabı ilə üstələmişdi.

Beləliklə, 2 turdan sonra Kanada və İsveçrənin hərəyə 4 xalı var. Bosniya və Herseqovina ilə Qətər yığmaları da hərəyə 1 xal toplayıblar.

DÇ-2026
B qrupu
19 iyun

Kanada – Qətər 6:0
Qollar: Conatan Devid, 29; 45+4; 90+2. Kayl Larin, 16. Neytan Saliba, 66. Manay Mohamed, 75-öz qapısına.

❌
❌