Normal view

Before yesterdayMain stream

Ceymi Vardi “Kremoneze”dən ayrıldı

13 June 2026 at 18:00

Futbol üzrə İngiltərə milli komandasının sabiq üzvü, 39 yaşlı mərkəz hücumçusu Ceymi Vardi İtaliyanın “Kremoneze” klubundan ayrılıb.

Arena.az xatırladır ki, “Kremoneze” 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən İtaliya A Seriyasından aşağı dəstəyə – B Seriyasına yuvarlanıb.

Bu üzdən də Vardi “Kremoneze”ni azad agent qismində tərk etməyə qərar verib. Klub rəhbərliyi də veteran ulduzu ilə mövsümün sonunda başa çatmış müqavilənin müddətini uzatmaq istəməyib.

Ceymi Vardi “Şeffild Uensdey”in yetirməsidir. Hücumçu, karyerası ərzində “Stoksbric Park Stilz”, “Halifaks Taun”, “Flitvud Taun” və “Lester Siti”də də çıxış edib.

Vardi 13 il “Lester Siti”in uğurları üçün çalışıb və bu klubun əfsanəsinə çevrilib. Veteran kapitanın “tülkülər”in heyətində çıxışının ümumi mənzərəsi 500 oyun, 200 qol, 71 məhsuldar ötürmədən ibarətdir.

Vardi 2025-ci ilin yayında qoşulduğu “Kremoneze”nin heyətində bütövlükdə 29 oyuna çıxıb, 7 qola imza atıb, 3 məhsuldar ötürmə müəllifi olub.

Vardi 2015-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 26 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Ceymi Vardinin qənimətlər muzeyində “tülkülər”lə qazandığı İngiltərə Premyer Liqasında çempionluq (2015/2016), İngiltərə Kuboku (2021), İngiltərə Super Kuboku (2021/2022), həmçinin İngiltərə Çempionşipində qalibiyyət (2013/2014, 2023/2024) var. Həmçinin Vardi Premyer Liqanın 2015/2016-cı illər mövsümünün ən yaxşı oyunçusu seçilib, 2016-cı ildə isə İngiltərədə ilin oyunçusu elan edilib. 2019/2020-ci illər mövsümündə isə Ceymi Vardi 23 qolla Premyer Liqanın ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

❌
❌