Ceymi Vardi – A Seriyasında noyabrın ən yaxşı oyunçusu!
“Kremoneze”nin ingilis mərkəz hücumçusu Ceymi Vardi İtaliya A Seriyasında noyabr ayının ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.
38 yaşlı futbolçu azarkeşlər arasında keçirilmiş səsvermədə Mayk Menyan (Milan), Lautaro Martines (İnter), David Neres (Napoli), Leo Estiqor (Cenoa) və Nikolo Zanilo (Udineze) kimi oyunçuları qabaqlayıb.
Maraqlıdır ki, Vardi ötən ay komandasının heyətində A Seriyasında çıxdığı 3 matçda cəmi 1 qol vurub. “Kremoneze” isə noyabrda keçirdiyi hər 3 oyundan məğlubiyyətlə ayrılıb.
Xatırladaq ki, A Seriyasında avqust ayının ən yaxşısı “Yuventus”un türkiyəli hücumçusu Kenan Yıldız seçilmişdi. Sentyabrda “Milan”ın amerikalı legioneri Kristian Pulişiç ən yaxşı elan edilmişdisə, oktyabrda “Napoli”nin kamerunlu mərkəz yarımmüdafiəçisi Frank Anqissa fərqlənmişdi.
Ceymi Vardi “Şeffild Uensdey”in yetirməsidir. Hücumçu, karyerası ərzində “Stoksbric Park Stilz”, “Halifaks Taun”, “Flitvud Taun” və “Lester Siti”də də çıxış edib.
Vardi 13 il “Lester Siti”in uğurları üçün çalışıb və bu klubun əfsanəsinə çevrilib. Veteran kapitanın “tülkülər”in heyətində çıxışının ümumi mənzərəsi 500 oyun, 200 qol, 71 məhsuldar ötürmədən ibarətdir.
Vardi 2025-ci ilin yayında qoşulduğu “Kremoneze”nin heyətində bütövlükdə 10 oyuna çıxıb, 4 qola imza atıb.
Vardi 2015-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 26 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Ceymi Vardinin qənimətlər muzeyində “tülkülər”lə qazandığı İngiltərə Premyer Liqasında çempionluq (2015/2016), İngiltərə Kuboku (2021), İngiltərə Super Kuboku (2021/2022), həmçinin İngiltərə Çempionşipində qalibiyyət (2013/2014, 2023/2024) var. Həmçinin Vardi Premyer Liqanın 2015/2016-cı illər mövsümünün ən yaxşı oyunçusu seçilib, 2016-cı ildə isə İngiltərədə ilin oyunçusu elan edilib. 2019/2020-ci illər mövsümündə isə Ceymi Vardi 23 qolla Premyer Liqanın ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.