“Maykl Olise 500 milyon avroya da satılmayacaq!”
Futbol üzrə Fransa yığmasının və Almaniya çempionu “Bayern”in cinah hücumçusu Maykl Olise Madrid “Real”ına satılmayacaq.
Arena.az xəbər verir ki, Münhen klubunun rəhbərlərindən adı açıqlanmayan biri, Olisenin adının İspaniya nəhəngi “Real”a mümkün keçidddə hallandırılmasını kəskin cavablayıb:
“O, hətta 200 milyon avro müqabilində də getməyəcək. Olise – çox qiymətlidir, biz onu 500 milyon avro məbləğə də satmayacağıq. Düzünü desəm, “Real”ın, onun bir ayağı müqabilində özünə, barı 150 milyon avro məbləği rəva görə biləcəyinə də əmin deyiləm”, deyə “Bayern”in adı açıqlanmayan rəhbəri vurğulayıb.
Xatırladaq ki, “Bayern” Maykl Oliseni 2024-cü ilin iyul ayında İngiltərənin “Kristal Pelas” klubundan 53 milyon avro müqabilində heyətinə qatıb. 23 yaşlı futbolçunun Münhen klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi var.
Olise “Bayern”in heyətində bütövlükdə 107 oyuna çıxıb, 42 qol və 54 məhsuldar ötürmə müəllifi olub.
Olise daha öncə “Kristal Pelas” və “Ridinq” klublarının uğurları üçün çalışıb.
Fransanın U-18, U-21 və U-23 yığmalarında da oynamış futbolçu 2024-cü ilin sentyabr ayında əsas millidə debüt edib. O, Fransa millisinin heyətində 17 oyun keçirib, 7 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.