Normal view

Yesterday — 17 June 2026Main stream

İbrahim Mbaye – DÇ-də qol vuran ən gənc afrikalı futbolçu!

17 June 2026 at 17:00

DÇ-2026-nın qrup mərhələsinin 1-ci turunda Fransa yığmasına qol vuran Seneqal milli komandasının üzvü İbrahim Mbaye tarixə düşüb.

Arena.az bu barədə FIFA-ya istinadən xəbər verir.

Belə ki, o, dünya çempionatlarında qol vurmuş ən gənc afrikalı futbolçu olub. Mbaye 18 yaş 143 günlüyündə fərqlənib.

Qeyd edək ki, I qrupunun matçında Fransa yığması Seneqalı 3:1 hesabı ilə məğlub edib. Gənc futbolçu komandasının yeganə qolunu qarşılaşmanın 90+5-ci dəqiqəsində vurub.

İbrahim Mbaye Fransa nəhəngi PSJ-nin şərəfini qoruyur. 18 yaşlı futbolçu 2018-ci ildən Paris klubunun sistemindədir. İstedadlı vinger PSJ-nin əsas komandasında indiyə qədər 42 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə verib.

İbrahim vaxtilə Fransanın U-16, U-17, U-18 və U-20 yığmalarında oynasa da, 2025-ci ildən Seneqalın əsas millisində forma geyinir. Yeniyetmə futbolçu bu komandanın heyətində 12 oyuna çıxıb, 4 qol vurub, 5 məhsuldar ötürmə verib.

Deşam: “İlk oyundakı qələbə həlledici deyil”

17 June 2026 at 03:00

Fransa yığmasının baş məşqçisi Didye Deşam dünya çempionatının qrup mərhələsində Seneqal millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində qarşılaşmış bu komandaların görüşü Fransa yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Didye Deşam matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu qələbə bizə müəyyən rahatlıq gətirir. Oyuna bir qədər ehtiyatlı və gərgin başladıq, rəqib isə çox yaxşı çıxış edirdi. Daha sonra oyunumuzu tapa bildik, xüsusilə də Usman Dembelenin və Maykl Olisenin mövqelərini dəyişdikdən sonra. Bredli Barkola da çox təhlükəli oynadı.

Dörd komandadan ibarət qrupda ilk oyunda qələbə qazanmaq hələ heç nəyi həll etmir. Fransa azarkeşləri bizi dəstəkləmək üçün uzaq yoldan gəliblər və bu, ucuz başa gəlmir. Futbol yalnız qalib gəldiyin və həmin emosiyaları onlarla bölüşə bildiyin zaman həqiqətən sehrli olur.

Barkola ilə bağlı onu deyə bilərəm ki, start heyətində yer almağa tam haqqı çatan çox sayda futbolçu var. Rayan Şerki də onlardan biridir. Bizə onların hamısı lazım olacaq”.

Seneqal yığmasının baş məşqçisi Pap Tiav isə 1:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Biz bu matçda qalib gəlməyi çox istəyirdik və bu, meydanda da görünürdü. Təəssüf ki, bizə effektivlik çatmadı. Dünya çempionatında isə hər şeyi xırda detallar həll edir. Qol vurmaq üçün imkanlarımız var idi, amma eyni zamanda vacib məqamlarda top itkilərinə yol verdik. Biz özümüzə belə səhvlərə icazə verə bilmərik.

Nəticə gözlədiyimiz kimi olmadı. İkinci hissədə bir neçə kollektiv səhvə yol verdik və sonda məhz onlar həlledici oldu. Müdafiədə oyunun böyük hissəsində yaxşı təsir bağışlayırdıq, lakin bəzi anlarda topa nəzarəti itirdik və bunun cəzasını çəkdik.

Fikrimcə, biz bu sınağa layiqincə cavab verdik. Belə turnirlərdə əziyyət çəkmək normaldır. Hesabda geri düşdükdən sonra reaksiya verməyə və hesabı bərabərləşdirməyə çalışdıq, lakin buna nail ola bilmədik. Norveçə qarşı növbəti oyunda daha aqressiv olmalıyıq”.

DÇ-2026: Fransa Seneqala qalib gəldi

17 June 2026 at 01:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Fransa və Seneqal yığmaları üz-üzə gəliblər. Nyu-Cersidə (Nyu York, ABŞ) keçirilmiş I qrupunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər. Fransanın heyətində Kilian Mbappe dubla imza atıbsa, digər qolu Bredli Barkola vurub. Afrika təmsilçisinin heyətində isə İbrahim Mbaye fərqlənib.

Bu qrupun digər oyununda, saat 02:00-da İraq Norveçlə üz-üzə gələcək.

DÇ-2026
I qrupu
16 iyun

Fransa – Seneqal 3:1
Qollar: Kilian Mbappe, 66; 90+6. Bredli Barkola, 82 – İbrahim Mbaye, 90+5.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

I qrupu
02:00. İraq – Norveç

J qrupu
05:00. Argentina – Əlcəzair
08:00. Avstriya – İordaniya

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

❌
❌