Reading view

Azərbaycan boksçusu Dünya Kubokunun qalibi oldu

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya kubokunun qalibi olub.

Futbolpress.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən millimizin üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb.

Cəfərov hər 3 raundda rəqibindən üstün olub və hakimlərin yekdil qərarı ilə 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbə qazanaraq  Dünya kubokunun qızıl medalına sahib çıxıb.

Beləliklə, Azərbaycan millisi 40 ölkədən 300 idmançının qatıldığı ilin ikinci reytinq xarakterli yarışını 1 qızıl və 2 bürünc medalla başa vurub. Boksçularımızdan Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes daha əvvəl  (90 kq) bürünc medal qazanıb.

Dünya kuboku: Azərbaycanın boksçusu finala yüksəldi

Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokunda yarımfinal döyüşlərinə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, reytinq xarakterli yarışda Azərbaycan millisinin bir idmançısı finala yüksəlib.

Səidcəmşid Cəfərov (75 kq) yarımfinalda Qabriel Quidi Rontaniyə (İtaliya) heç bir şans verməyib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (28:29, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. O, sabah keçiriləcək finalda Rami Kiuanla (Bolqarıstan) qarşılaşacaq.

Digər boksçularımızdan Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) Dünya kubokunu bürünc medalla başa vurublar.

Milli dayandı, “Neftçi” 1/4 finalda

20 iyun 3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Sumqayıt mərhələsinin ilk oyun gününün görüşləri keçirilib.

Futbolpress.az xəbər verir ki, qadınlardan ibarət milli komandamız mübarizəni təsnifat oyunlarında dayandırsa da, ölkəmizi bu mərhələdə təmsil edən “Neftçi” klubu ilk qrup oyununda Çinin “Yanjing” klubuna 21:18, da, ikinci oyununda isə Çin millisinə 15:13 hesabı ilə qalib gəlib və qrup lideri olaraq 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, “Neftçi” bu mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq.

Azərbaycan taekvondoçusu “bürünc” qazandı

Azərbaycanın daha bir taekvondoçusu Allahverdi Məmmədov (+78 kq) Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında bürünc medal qazanıb.

Futbolpress.az xəbər verir ki, “Atlet” klubunun üzvü gənclər arasında yarışda üçüncü yeri tutub.

Daha əvvəl ölkənin altı təmsilçisi bu yarışda mükafat qazanıb.

Milli İsrailə qalib gəldi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti görüşünü keçirib.

Futbolpress.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv İsraillə üz-üzə gəlib. Görüş millinin qələbəsiylə başa çatıb – 3:0.

Qeyd edək ki, yığma növbəti matçını sabah İsveçrəyə qarşı keçirəcək.

Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi

Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokunda 1/4 finala yekun vurulub.

Futbolpress.az xəbər verir ki, reytinq xarakterli yarışda Azərbaycan millisinin daha iki idmançısı adını yarımfinala yazdırıb.

Səidcəmşid Cəfərov (75 kq) ikinci döyüşündə Muhammad Nurani (İran) ilə münasibətinə aydınlıq gətirib. Boksçumuz rəqibinə ikinci raundda nokautla qalib gəlib. O, yarımfinalda Qabriel Quidi Rontani (İtaliya) ilə qarşılaşacaq.

Murad Allahverdiyev (80 kq) isə 1/4 finalda Marlon Sevehondan (Avstraliya) güclü olub. Boksçumuz rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Allahverdiyev yarımfinalda Cavohir Ummataliyevlə (Özbəkistan) döyüşəcək.

Bununla da özləri üçün ən azı bürünc medalı təmin edən boksçularımızın sayı 3-ə yüksəlib. Daha öncə Alfonso Dominqes (90 kq) də yarımfinala vəsiqə qazanıb.

Yarımfinal döyüşləri iyunun 20-də olacaq.

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu “qızıl” qazandı

Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü iki medalla başa vurub.

Futbolpress.az xəbər verir ki, 60 kq-da mübarizə aparan Balabəy Ağayev qızıl, 66 kq-da yarışan Nizami İmanov isə bürünc medal qazanıb.

“Böyük Dəbilqə” iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.

Azərbaycan şahmatçısı Karlsenə qalib gəldi

Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen üzərində möhtəşəm qələbə qazanıb.

Futbolpress.az xəbər verir ki, Honkonqda keçirilən partiya rapid və blits üzrə komandalararası dünya çempionatı çərçivəsində baş tutub.

Aydın Süleymanlı dünya reytinqinin liderinə qalib gəlməklə şahmat mediasının diqqətini cəlb edib. Yekunda Azərbaycanın “Odlar Yurdu” komandası Maqnus Karlsenin çıxış etdiyi turnirin əsas favoritlərindən biri olan “WR Chess” üzərində qələbə qazanıb 3,5:2,5.

Qeyd edək ki, “WR Chess”in heyətində Maqnus Karlsen, Fabiano Karuana, Uesli So, Maksim Vaşye-Laqrav və bir sıra digər tanınmış qrossmeysterlər mübarizə aparır.

Hazırda daha çox gənc şahmatçılardan formalaşan “Odlar Yurdu” komandasının 15 xalı var və 8-ci pillədə qərarlaşıb.

Bu federasiyasının konfransı ilk dəfə Bakıda keçiriləcək

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığıyla 10 oktyabr 2026-cı il tarixində Bakı şəhərində “European Aquatics” (Avropa Su İdmanı Federasiyası) konfransı keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Qitənin müxtəlif ölkələrindən olan federasiya rəhbərləri 2026-cı ilin “Dünya İdman Paytaxtı” olan Bakıda bir araya gələcək, su idman növlərinin inkişafı ətrafında fikir mübadiləsi aparacaq, baş tutmuş və gələcək layihələri müzakirə edəcəklər.

Bu tədbir Azərbaycan üçün həm beynəlxalq idman əməkdaşlığının gücləndirilməsi, həm də ölkəmizin üzgüçülük və digər su idman növləri aləmində nüfuzunun artması baxımından böyük əhəmiyyət kəsb edir.

Avropa Kubokuna 13 cüdoçu ilə

İyunun 20-21-də Almaniyanın paytaxı Berlində keçiriləcək gənclər arasında Avropa Kubokunda Azərbaycanı 13 cüdoçu təmsil edəcək.

Futbolpress.az xəbər verir ki, turnirdə Məhəmməd Rüstəmli, Rəsul Əlizadə, Röyal Qayıbov, Anar Quliyev (hamısı 60 kq), Zeyd Ələsgərov, Sadiq İsgəndərli (hər ikisi 66 kq), Hüseyn Şahmarlı, Özqan Quliyev, Əli Hümbətov (hamısı 73 kq), Məhəmməd Ağakişiyev (81 kq), Tunar Fərzəliyev (100 kq), Sübhan Axundov və Cavidan Məsimov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

İdmançılara gənc oğlanlardan ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.

Beynəlxalq turnirdə 38 ölkədən 485 idmançı mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, B kateqoriyalı beynəlxalq dərəcəli referi Bəhriyyə Hüseynova da yer alacaq.

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirildi

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib.

Futbolpress.az xəbər verir ki, çempionatda 30-a yaxın yeniyetmə və gənc paraüzgüçü 9 müxtəlif kateqoriya üzrə mübarizə aparıblar.

Tədbirdə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli Paralimpiya Komitəsinin rəhbərliyi, tərəfdaş qurumların nümayəndələri və idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

Ölkəmizdə ilk dəfə təşkil olunan çempionatın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafına dəstək vermək, eləcə də gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək perspektivli paraüzgüçülərin müəyyənləşdirilməsi və paraüzgüçülük üzrə ehtiyat qüvvənin formalaşdırılmasına töhfə vermək olub.

MPK-nın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Paralimpiya İdman Kompleksində baş tutan birinciliyin sonunda qaliblərə medal, sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bu yarış ölkədə paraüzgüçülük növünün inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və milli komanda üçün namizədlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanlı hakim Avropa Liqası oyunlarında

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb.

Futbolpress.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) qərarına əsasən, o, 19–21 iyun tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa Liqasının üçüncü turunun qarşılaşmalarında hakim kimi fəaliyyət göstərəcək.

Bu mərhələdə qadınlar arasında Bosniya və Herseqovina, Gürcüstan və Slovakiya, kişilər arasında isə Gürcüstan, İspaniya və Çexiya milli komandaları mübarizə aparacaqlar.

Azərbaycan taekvondoçuları Sarayevoda 6 medal qazandı

Azərbaycan idmançıları Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən taekvondo üzrə Klublararası Avropa çempionatında çıxış edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb. Taekvondoçular 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.

Qızıl – Aydan Hüseynova (36 kq, İrəvan TK)
Qızıl – Rada Əsəd (44 kq, Mübariz TK)

Gümüş – İslam Quluzadə (33 kq, Alpman TK)
Gümüş – Gökalp Çilingir (40 kq, Nərimanov RİK)
Gümüş – Renad Zülfiqarlı (+57 kq, Alov TK)

Bürünc – Əkbər Tağıyev (+30 kq, Atlet TK)

Klub təmsilçilərimiz ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb və kubokun sahibi olub.

Güləşçilərin Batumi sınağı

İyunun 20-21-də Gürcüstanın Batumi şəhərində böyüklər arasında Dünya Seriyasının III mərhələsi keçiriləcək.

Futbolpress.az xəbər verir ki, milli komandanın baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında qonşu ölkədə Rübail İbrahimli (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov, İlqar Nəzərli (hər ikisi 90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparacaq.

İlk yarış günündə təsnifat mərhələsinin və qruplarda ilk 2 turun görüşləri keçiriləcək. Növbəti gün isə qrup mərhələsində sonuncu turun görüşləri, yarımfinallar və medallar uğrunda qarşılaşmalar baş tutacaq.

Dünya Seriyasında I-S dərəcəli azərbaycanlı hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

Dünya kuboku: altı boksçu mərhələ adladı

Çinin Quyyan şəhərində boks üzrə Dünya kubokunda 1/8 finala yekun vurulub.

Futbolpress.az xəbər verir ki, reytinq xarakterli yarışda Azərbaycan millisinin daha 3 idmançısı 1/4 final mərhələsinə yüksəlib.

55 kq-da Amin Məmmədzadə ikinci görüşündə Samandar Olimovla (Özbəkistan) üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. O, rəqibini 4:1 (29:28, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. Məmmədzadə 1/4 finalda Nikil Nikillə (Hindistan) döyüşəcək.

Nəbi İsgəndərov (70 kq) Velvan Tana (Sinqapur) qalib gəlib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Təmsilçimiz 1/4 finalda Deepak Deepakla münasibətinə aydınlıq gətirəcək.

Murad Allahverdiyev (80 kq) isə Vitali Valterə (Almaniya) gücünü göstərib. O, rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:26) hesabı ilə məğlub edib. Allahverdiyev 1/4 finalda Marlon Sevehonla (Avstraliya) qarşılaşacaq.

Qeyd edək ki, iyunun 19-da keçiriləcək 1/4 final mərhələsində 5 boksçumuz mübarizə aparacaq. Millimizin bir idmançısı isə yarımfinala vəsiqə qazanıb.

Qaxda region birinciliyi

İyunun 20-21-də cüdo üzrə U-14 və U-17 yeniyetmələr arasında Şimal-Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Qax Olimpiya İdman Kompleksində keçiriləcək yarışlarda ümumilikdə 184 cüdoçu mübarizə aparacaq.

Turnirlərin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.

U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

❌