Reading view

Bruno Lanqa “Qarabağ”da – Rəsmi

İspaniyanın “Almeriya” klubunun mozambikli sol cinah müdafiəçisi Bruno Lanqa bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 2026/2027-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib. Mozambikli müdafiəçi Bruno Lanqanın transferi ilə bağlı İspaniyanın “Almeriya” klubu ilə danışıqlar uğurla yekunlaşıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, yeni komandasında 5 nömrəli formanı geyinəcək.

Lanqanın son klubu İspaniya təmsilçisi “Almeriya” olub. O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası “Eştrela”da keçirib. Lanqa karyerası ərzində ölkəsində “Blek Bullz”, “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş”, “Eştrela”, Kiprdə “Pafos” və İspaniyada “Almeriya” klublarının formasını geyinib.

Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

Lanqa yay transfer pəncərəsində “Qarabağ”ın dördüncü transferidir. Daha əvvəl Jali Muaddib, Zəkəriyyə Savo və Samuel Lobato “Qarabağ”a qoşulmuşdu.

Pedro Bikalyo ilə yeni müqavilə bağlamış Ağdam klubu Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae və Kevin Medina ilə də yollarını ayırıb.

❌