Reading view

Karl Darlou “Mançester Yunayted”də!

Futbol üzrə Uels milli komandasınn qapıçısı Karl Darlou bundan sonra İngiltərənin “Mançester Yunayted” klubunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı qolkiper “Lids Yunayted”dən ayrıldıqdan sonra azad agent statusunda “qırmızı şeytanlar”a qoşulub. Onunla 2028-ci ilin iyun ayınadək nəzərdə tutulmuş müqavilə imzalanıb. Sazişdə daha bir il uzadılma imkanı da yer alıb.

Karl Darlou bildirib ki, “Mançester Yunayted” kimi kluba qoşulmaq onun üçün böyük qürur mənbəyidir:

“Mançester Yunayted”ə keçdiyim üçün son dərəcə qürurluyam. Çox güclü qapıçılar qrupuna qoşuluram və hamımızın bir-birimizi daha da inkişaf etdirməsinə töhfə verməsini səbirsizliklə gözləyirəm. Klubun tələb etdiyi yüksək standartları qorumaq üçün birlikdə çalışacağıq. Hazırda klub üçün çox maraqlı dövrdür və komanda yoldaşlarıma dəstək olaraq öz töhfəmi vermək istəyirəm”.

Klubun idman direktoru Ceyson Uilkoks isə yeni transfer barədə bunları deyib:

“Karl ən yüksək səviyyədə oynaya biləcəyini sübut edib. Onun peşəkarlığı, işgüzarlığı və xarakteri komandamız üçün böyük üstünlükdür. Belə təcrübəli və keyfiyyətli qapıçının heyətimizə qoşulmasından məmnunuq”.

Karl Darlou ötən mövsüm “Lids Yunayted”in əsas qapıçısı olub. O, İngiltərə Premyer Liqasında keçirdiyi 22 oyunda 27 qol buraxıb, 5 matçda isə qapısını toxunulmaz saxlayıb.

Təcrübəli qolkiper karyerası ərzində “Nyukasl Yunayted” və “Nottingem Forest” klublarının da formasını geyinib. Ümumilikdə isə o, peşəkar karyerasında 279 oyun, o cümlədən 74 Premyer Liqa matçı keçirib.

Darlou 2024-cü ildə debüt etdiyi Uels yığmasının heyətində 15 oyun keçirib, 18 qol buraxıb, 5 matçda qapısını toxunulmaz saxlayıb.

Harri Uilson “Fulhem”ı “Lids”ə dəyişdi

Futbol üzrə Uels milli komandasının və “Fulhem”in 29 yaşlı sağ cinah hücumçusu Harri Uilson azad agent qismində “Lids”in düşərgəsinə keçib.

Arena.az xəbər verir ki, bu barədə “Lids Yunayted” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tərəflər 4 illik müqaviləyə imza atıblar. Belə ki, Uilson 2030-cu ilin iyun ayının sonuna qədər müddət ərzində “tovuzquşular”ın xidmətində olacaq.

Xatırladaq ki, Harri Uilson “Liverpul”un yetirməsidir. O, karyerası ərzində “Kryu Aleksandra”, “Hall Siti”, “Derbi Kaunti”, “Bornmut”, “Kardiff Siti” kimi klubların da şərəfini qoruyub. “Fulhem”ə 2021-ci ilin yayında “Liverpul”dan 14 milyon avro qarşılığında keçmiş futbolçu bu komandanın heyətində 187 oyuna çıxıb, 36 qol vurub, 46 məhsuldar ötürmə verib.

2013-cü ildən Uels millisində çıxış edən futbolçu yığmanın heyətində 69 oyuna çıxıb, 17 qola imza atıb, 12 assist müəllifi olub.

“Arsenal” İllan Melyeni heyətinə qatdı

Futbol üzrə İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olan “Arsenal” heyətini yeni qapıçı – İllan Melye ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

İngiltərə klubu fransalı qolkiperi azad agent kimi heyətinə qatıb. 26 yaşlı qapıçı ilə imzalanmış müqavilənin müddəti açıqlanmayıb. O, yeni komandasına mövsümöncəsi hazırlıq toplanışı zamanı qoşulacaq.

Qeyd edək ki, İllan Melye son 7 mövsümü İngiltərənin digər klubu “Lids Yunayted”də keçirib. O, bu müddətdə bütün turnirlərdə 215 oyunda meydana çıxıb, 286 qol buraxıb, 70 matçda qapısını toxunulmaz saxlayıb.

Fransanın “Loryan” klubunun yetirməsi olan qolkiper “Arsenal”da 30 nömrəli formanı geyinəcək.

Melye Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

❌