“Çorum” tarixində ilk dəfə Super Liqada!
Futbol üzrə Türkiyə Birinci Liqasında çıxış edən “Çorum” komandası tarixində ilk dəfə Super Liqada mübarizə aparmaq hüququ qazanıb.
Arena.az xəbər verir ki, Birinci Liqanın 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən, əsas mərhələni 81 xalla çempion kimi başa vurmuş “Ərzurumspor”, eləcə də 74 xalla ikinci yeri tutmuş “Amedspor” elitaya birbaşa vəsiqə qazanmışdılar.
Üçüncü vəsiqənin taleyinə isə 3-7-ci yerləri tutmuş komandalar arasında təşkil edilmiş pley-off oyunlarından sonra aydınlıq gəlib.
Əsas mərhələni 4-cü pillədə başa vurmuş “Çorum” 1/4 finalda 7-ci yeri tutmuş “Keçiörengücü” üzərində 1:0 hesablı qələbəyə sevinib. 5-ci olmuş “Bodrumspor” 6-cı yeri tutmuş “Pendikspor”u 2:0 hesabıyla üstələyib. Çorumlular yarımfinalda “Bodrumspor”u 2 cavabsız qolla məğlub edərək 3-cü mövsümün əsas hissəsini bürünc medallarla tamamlamış “Erokspor”la final oynamaq hüququ qazanıb. Həlledici oyunda da 2:0 hesablı qələbəyə sevinmiş “Çorum” tarixində ilk dəfə Türkiyə Super Liqasında oynamaq hüququ əldə edib.
Qeyd edək ki, elitaya yüksəlmiş komandalar 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən Super Liqanı tərk etmiş “Antalyaspor”, “Kayserispor” və “Karagümrük”ü əvəz edəcəklər.