“Əvvəlki “Qəbələ”miz, “Bakı”mız yoxdur…”
“Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov Türkiyənin “Başakşəhər” klubunun düşərgəsində təcrübə keçir.
Mütəxəssis “PRO” kateqoriyalı məşqçi kursları çərçivəsində Türkiyəyə səfər edib.
Məmmədov “Futbolpress.az“a açıqlamasında səfər təəssüratlarını bölüşdü:
“Orada çox şeylər gördüm. Nuri Şahinin yanında 5-6 gün oldum, indi isə akademiyadayam. Müşahidə etdiklərim aradakı fərqi aydın göstərir; orada hər şey yüksək səviyyədədir. Ölkə futbolunun əsası uşaq futbolundan başlayır. Bizdə bu sarıdan çatışmazlıqlar az deyil. Bunun da təməlində maliyyə məsələləri durur.
Şahinlə söhbətimdə də bildirdim ki, maliyyə olmayandan sonra futbolçu yetişdirmək də, yaxşı oyunçu gətirmək də çətindir. Onların akademiyalarının komandaları il ərzində 5-6 turnirdə iştirak edirlər. Bizdə isə belə deyil. Düzdür, bəzi akademiyalarımız yaxşıdır, amma say azdır. Maliyyə baxımından bizdə çətinlik yaşanır. Əvvəlki “Qəbələ”miz, “Bakı”mız yoxdur. Düzdür, “Ulduz”, “Neftçi”, “Sabah” kimi akademiyalara diqqət var, onlar daha yaxşıdır. Lakin ümumi götürəndə, bu akademiyalarla iş bitməməlidir. Digər akademiyalar tam olaraq akademiya standartlarına cavab vermir. Valideyn də bilmir uşağı oxutsun, ya idmana göndərsin”.
Məşqçi uşaq futbolunda maliyyənin rolundan, oyun sayının çox olmasının faydalarından da söz açdı:
“Maliyyəsiz futbol mümkün deyil. Azərbaycanda uşaq komandası həftədə 2-3 dəfə məşq edirsə, Türkiyə akademiyalarında hər gün məşq və həftədə 2-3 oyun olur. Türkiyədə aşağı yaş komandaların oyun, məşq sayına diqqət edirlər. Nə qədər çox çalışsan, o qədər bilik qazanırsan. Bizdə isə elə deyil. Məşqlərin də, oyunların da sayı azdır. Ona görə inkişaf onlarla müqayisədə aşağıdır”.
Məmmədov bundan sonra da ölkə xaricində təcrübə keçmək planının olduğunu bildirdi:
“Bu mövzuda klub rəhbərliyi dəstəyini göstərir. Özüm də biliklərimi artırmaq üçün yeni səfərlər nəzərdə tutmuşam. Hələ hansı ölkəyə gedəcəyim məlum deyil. Bütün məşqçilər üçün belə səfərlər, təcrübələr lazımdır”.
Şahin Cəfərov