Reading view

Kurban Berdıyev: “Heyəti gücləndirməliyik”

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın sonuncu – 33-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş görüşü Tovuz təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Maraqlı oyun oldu. Təəssüf ki, qol epizodlarını dəyərləndirə bilmədik. Elə oyundur ki, futbolçularıma pis heç nə deyə bilmərəm. Var gücləri ilə oynadılar. Gənc futbolçulara şans vermək üçün imkan var idi. Onları meydana buraxdıq.

Artıq bizim üçün başa çatmış bu mövsümü uğurlu hesab edirəm. Amma bəzi bərabərsəviyyəli oyunlar oldu ki, xallar itirdik. Paltardəyişmə otağında futbolçulara mövsümə görə təşəkkürümü bildirdim.

Çox şadam ki, klubun rəhbəri maksimum hədəflər qoyur. Bu, çox vacib məsələdir, məsuliyyəti də artırır. Bu mövsüm göstərdi ki, heyətin möhkəmləndirilməsi vacibdir. “Sabah” bunu sübut etdi. Çox güclü heyət yığdılar. Onların yaxşı baş məşqçiləri var. Nəticədə çempion oldular. Biz də heyəti gücləndirməyə çalışacağıq. Amma büdcəmizin buna nə qədər imkan verəcəyini demək çətindir. Maliyyə imkanlarımızın necə olduğunu gözəl başa düşürük.

“Turan Tovuz”un avrokuboklarda uğurlu nəticə əldə etmək şanslarına gəlincə, hər şey heyətin gücləndirilməsindən asılı olacaq. Bu da maliyyə imkanları ilə bağlıdır. Heyətimiz güclənsə, şanslarımız da yüksək olacaq”.

Kurban Berdıyev Şamaxıda hakimlikdən şikayətləndi

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 32-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü Tovuz təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə pis oynadıq. Hakim barədə ümumiyyətlə danışmaq istəmirəm. İkinci hissədə daha aqressiv oynadıq və hesabı bərabərləşdirdik. Amma təəssüf ki, 3-cü qolu buraxdıq.

Ötən tur avrokuboklara vəsiqəni təmin etdikdən sonra futbolçularda arxayınlığın yaranması fikri ilə müəyyən mənada razılaşmaq olar. Birinci hissədəki oyuna köklənmə belə düşünməyə əsas verirdi. Müdafiəçilər epizodlara gec reaksiya verirdilər. Amma rəqib futbolçular da aqressiv idilər. Bəzən ikinci topların götürülməsində də gecikirdik. Fasilədən sonra çatışmazlıqları aradan qaldıra bildik. İkinci hissəyə görə uşaqlara təşəkkür edirəm. 3-cü qolu buraxmasaydıq, qələbə qazana bilərdik.

Mənə elə gəlir ki, bu komandaların belə aqressiv oyun göstərməsi daha çox hakimlikdən qaynaqlanırdı.

Transferlərə gəlincə, axtarışlar davam edir. Hələ yekun nəticə yoxdur. Neçə oyunçu transfer edəcəyimizə gəlincə, hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq”.

❌