Reading view

Lionel Messi karyerasını başa vurmaq istəmir

Argentina millisinin kapitanı, “İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasını yaxın zamanda başa vurmaq niyyətində olmadığını açıqlayıb.

Arena.az xəbər verir ki, dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu olan 39 yaşlı forvard gələcək karyerası ilə bağlı bunları söyləyib:

“Komandama fayda verə bildiyim, fiziki cəhətdən özümü yaxşı hiss etdiyim və komanda yoldaşlarıma kömək edə bildiyim müddətdə oynamağa davam edəcəyəm”, – deyə Messi bildirib.

Xatırladaq ki, argentinalı ulduz bu günlərdə dünya çempionatları tarixinin bombardirləri siyahısında yeni rekorda imza atıb. Messi mundiallarda vurduğu qolların sayını 18-ə çatdıraraq Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyub və turnir tarixinin ən məhsuldar futbolçusuna çevrilib.

Bu gün – iyunun 24-də 39 yaşı tamam olan Messi 2023-cü ildən ABŞ klubu “İnter Mayami”nin formasını geyinir. Avropadakı karyerası ərzində isə o, “Barselona” və PSJ-də çıxış edib.

Argentina millisinin kapitanı “Barselona”nın heyətində 4 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun və 3 dəfə klublararası dünya çempionatının qalibi olub.

Lionel Messi həmçinin Argentina yığmasının heyətində 2022-ci ildə dünya çempionu, 2014-cü ildə dünya çempionatının gümüş mükafatçısı, 2008-ci il Olimpiya Oyunlarının qalibi, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub.

Səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülmüş Messi bu göstərici üzrə də dünya rekordçusudur.

Lionel Messi: “Bu anlardan həzz alıram”

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının qrup mərhələsinin ikinci turunda Avstriyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, rəqib üzərində qazandıqları 2:0 hesablı qələbədən sonra həm komandasının uğuruna, həm də mundiallar tarixinin ən məhsuldar futbolçusu olmasına münasibət bildirib.

38 yaşlı hücumçu Avstriya ilə qarşılaşmada dubla imza ataraq Argentina yığmasına vaxtından əvvəl 1/16 final mərhələsinə vəsiqə qazandırıb. Bununla yanaşı, Lionel Messi Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyaraq dünya çempionatları tarixinin ən yaxşı bombardiri adına sahib çıxıb.

Messi ilk növbədə komandasının növbəti mərhələyə yüksəlməsinə sevindiyini bildirib:

“İlk növbədə bu qələbəyə çox sevinirəm. Bu, bizim üçün son dərəcə vacib idi və ağır, gərgin mübarizə şəraitində qazanıldı. İndi gələcəyə daha rahat baxa bilərik. Bu dünya çempionatında bütün oyunlar gərgin və bərabər mübarizə şəraitində keçir. Mən bu anlardan həzz alıram və komanda yoldaşlarımla birlikdə uğuru qeyd etməyi səbirsizliklə gözləyirəm”.

Argentina millisinin kapitanı penalti epizoduna görə məyus olduğunu da gizlətməyib:

“Penaltiyə görə əsəbiləşmişdim, çünki onu qaçırdım və zərbəm çox uğursuz alındı. Xoşbəxtlikdən, oyunun gedişatını dəyişə bildik və hesabda önə keçdik. Hər şey həqiqətən möhtəşəm alındı. Əgər həmin penaltini qola çevirsəydim, bəlkə də digər iki qolu vurmazdım. Əsas odur ki, həm nəticədən, həm də komandanın oyunundan və əzmkarlığından razıyam”.

Lionel Messi bombardir rekordunun onun üçün əsas məsələ olmadığını vurğulayıb:

“Bilirdik ki, bu oyunda qalib gəlmək asan olmayacaq. Heç kim heç nəyi asanlıqla vermir. Uzunmüddətli hücumlarda topa nəzarət etmək bizim üçün çətin idi. Ən vacibi növbəti mərhələyə yüksəlməyimizdir”.

Argentinalı ulduz dünya çempionatlarında vurduğu qollar arasında ən yaxşısını seçməkdə də çətinlik çəkdiyini deyib:

“Mən yorğunam, gücüm az qalıb və indi bu barədə düşünmək çətindir. Bu komanda bir araya gələndə ünsiyyətdən, rəqabətdən və gündəlik həyatdan zövq alır. Biz azarkeşlərin sevincindən də həzz alırıq və komandadakı harmoniyanı qorumağa çalışırıq. Lakin addım-addım irəliləyirik. Qarşıda uzun və çətin yol var”.

Lionel Messi dünya çempionatları tarixinin bombardiri oldu!

Futbol üzrə Argentina milli komandasının kapitanı və ulduz hücumçusu Lionel Messi dünya futbolu tarixinə daha bir neçə rekordla düşüb.

Arena.az xəbər verir ki, 38 yaşlı ulduz futbolçu DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Avstriya yığmasına qarşı keçirdikləri oyunda tarixi nailiyyətlərə imza atıb.

Dallas şəhərində (Texas, ABŞ) təşkil edilmiş bu qarşılaşmada argentinalı forvard hesabı açaraq komandasını önə keçirib. Bu qol Messi üçün dünya çempionatları tarixində 17-ci olub. Bununla da o, Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeni geridə qoyaraq mundialların ən yaxşı bombardiri adına yiyələnib. Klozenin aktivində 16 qol var idi.

Bundan başqa, Messi ardıcıl altıncı dünya çempionatı oyununda da fərqlənərək daha bir rekordu təkrarlayıb. Argentinalı futbolçunun qolluq seriyası DÇ-2022-nin 1/8 final mərhələsindən başlayıb və DÇ-2026-da da davam edir. Daha əvvəl belə nəticəyə yalnız Fransa millisinin sabiq hücumçusu Just Fontaine (1958) və Braziliya yığmasının əfsanəvi forvardı Jairzinyo (1970) nail olmuşdu. Lakin onlar bunu eyni turnir çərçivəsində bacarmışdılar.

Messi bu qarşılaşmada bir antirekorda da imza atıb. Oyunun 9-cu dəqiqəsində təyin olunmuş penalti zərbəsini qola çevirə bilməyən hücumçu dünya çempionatları tarixində ən çox penalti qaçıran futbolçu olub. Bu, onun mundiallarda əsas vaxt ərzində qaçırdığı üçüncü penalti olub. Bununla da Messi daha əvvəl bu göstəricidə şərik olduğu Qana millisinin sabiq futbolçusu Asamoa Qyanı geridə qoyub.

Beləliklə, Avstriya ilə oyunda həm tarixi bombardir rekordunu qıran, həm ardıcıl qol seriyası rekordunu təkrarlayan, həm də penalti antirekorduna sahib çıxan Lionel Messi dünya futbol tarixindəki mövqeyini daha da möhkəmləndirib.

Lionel Messi bir het-triklə DÇ-də rekordları alt-üst etdi

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi dünya çempionatlarında yeni rekordlara imza atıb.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Əlcəzairə qarşı keçirdikləri oyunda meydana çıxmaqla mundiallarda 6 dəfə iştirak etmiş ilk oyunçu olub.

Messi meydana çıxması ilə dünya çempionatları tarixində keçirdiyi oyunların sayını da 27-yə çatdıraraq rekordu yeniləyib. Hələ karyerasını davam etdirən futbolçular arasında bu göstəricidə ona ən yaxın olan Kristiano Ronaldo 22 oyunla ikinci yerdə qərarlaşıb.

Messi Əlcəzairlə oyunda het-trik edərək dünya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında almaniyalı Miroslav Klozeyə çatıb. O, görüşün 17-ci, 60-cı və 76-cı dəqiqələrində fərqlənməklə mundiallarda vurduğu qolların sayı 16-ya çatdırıb.

Messi Əlcəzairlə görüşdə qol vurmaqla dünya çempionatlarında daha bir rekorda imza atıb. 38 yaşlı forvard mundial tarixində fərqli rəqiblərə ən çox qol vurmuş futbolçu olub. O, ümumilikdə 11 müxtəlif milli komandanın qapısına yol tapıb və bu göstəricidə Kristiano Ronaldo, Yurgen Klinsmann və Miroslav Kloze kimi əfsanələri geridə qoyub.

Bundan başqa, Messi dünya çempionatları tarixində qol vuran üçüncü ən yaşlı oyunçu, bu turnirin tarixində het-trik edən ən yaşlı oyunçu olub.

38 yaşlı hücumçu matçın 17-ci dəqiqəsində cərimə meydançasının kənarından möhtəşəm qola imza atıb. Bu, onun dünya çempionatları tarixində cərimə meydançasından kənardan vurduğu 5-ci qol olub. Bununla da Messi dünya çempionatı tarixində cərimə meydançasının xaricindən ən çox qol vuran braziliyalı əfsanəvi oyunçu Rivelinonun rekordunu təkrarlayıb.

Qeyd edək ki, Lionel Messi hazırda ABŞ klubu “İnter Mayami”də çıxış edir. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub, 2014-cü ildə isə gümüş medal qazanıb. Futbolçu 8 dəfə “Qızıl top” mükafatına layiq görülərək bu göstəricidə də rekord sahibidir.

Skaloni və Pektoviç matçı qoyub, Messidən danışdılar

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsində Əlcəzairə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində üz-üzə gəliblər və yekunda Argentina yığması 3:0 hesablı qələbəyə sevinib.

Lionel Skaloni matçdan sonra təşkil edilmiş mətbuat konfransında daha çox bu oyunun qəhrəmanı Lionel Messidən söhbət açıb:

O, Messinin yüksək oyunu sayəsində qalib gəldiklərini bildirib:

“Messi istədiyi müddətcə dünyanın ən yaxşısı olmağa davam edəcək. Onun barəsində deməyə söz tapmıram. Lionel bunu artıq 20 ildir bacarır. Messinin bütün dünyaya ötürdüyü hissləri və göstərdiyi futbolu dəyərləndirməliyik. Bu, həqiqətən, inanılmazdır. Biz isə oyundan-oyuna mübarizəmizi davam etdirəcəyik.

Qarşıya çıxan problemləri vaxtı gəldikcə həll edəcəyik. Komanda razıdır, biz bir çox futbolçuya oyun vaxtı verdik. Ümid edirəm ki, növbəti matçı da qazanacağıq ki, üçüncü qrup oyununda bütün futbolçular şans əldə edə bilsinlər”.

Əlcəzair yığmasının baş məşqçisi Vladimir Petkoviç də bu qarşılaşmada het-trik etmiş Lionel Messi haqqında danışıb:

“Sinif və ustalıq daim qalır. Çünki biz sıradan bir futbolçudan yox, karyerası ərzində yeddi və ya səkkiz dəfə “Qızıl top” qazanmış bir oyunçudan danışırıq.

Təəssüf ki, ilk və ikinci qolları vurmaq imkanı ona özümüz verdik və bunu etməsi onun üçün asan oldu. Onun bəxti gətirib ki, bütün Argentina yığması onun üçün çalışır və ona dəstək verir. O isə artıq neçə illərdir, bəlkə də onilliklərdir, inanılmaz işlər görür.

Bu gün Argentina yığmasının qapıya ümumilikdə 10 zərbəsi oldu və onların yeddisini Messi vurdu”.

❌