Zlomisliç: “Qarabağ” ailəsinə qoşulduğum üçün çox xoşbəxtəm”
Futbol üzrə Bosniya və Herseqovina yığmasının qapıçısı Martin Zlomisliç yenicə keçdiyi “Qarabağ” azarkeşlərinə müraciət ünvanlayıb.
Arena.az xəbər verir ki, o, sosial şəbəkə hesablarındakı paylaşımında bunları qeyd edib:
“Salam, əziz “Qarabağ” azarkeşləri. “Qarabağ” ailəsinə qoşulduğum üçün çox xoşbəxtəm. Hazırda milli komandamla birlikdə Dünya Çempionatında iştirak edirəm. Bilirəm ki, “Qarabağ” böyük klubdur və inanılmaz azarkeşlərə sahibdir. Komandaya qoşulacağım və hər birinizlə görüşəcəyim günü səbirsizliklə gözləyirəm”.
Xatırladaq ki, “Qarabağ” bosniyalı qapıçını Xorvatiyanın “Riyeka” klubundan 500 min avro müqabilində transfer edib. 27 yaşlı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. O, yeni komandasında 23 nömrəli formanı geyinəcək.
“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Zlomisliç 2021-ci ildə “Riyeka”da çıxış edirdi.
Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir. Millidə 3 oyuna çıxmış Martin Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alıb.