Abdullah Zubir Premyer Liqada 200-cü oyununu keçirdi
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın fransalı cinah hücumçusu Abdullah Zubir Premyer Liqada 200-cü oyununu keçirib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Fransalı futbolçunun yubiley matçı Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 15-ci turuna təsadüf edib. O, “Araz-Naxçıvan”la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/2019-cu illər mövsümündə debüt etmiş Zubir ölkəmizdə yalnız “Qarabağ”ın formasını geyinib.
Abdullah Zubir bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirmiş 158-ci futbolçu olub.
Xatırladaq ki, Zubir Azərbaycan Premyer Liqasında “200”ə cari mövsümdə çatmış 4-cü oyunçudur. Ona qədər Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıblar.