Maneul Noyer 2025-ci ili erkən bitirdi
Futbol üzrə Almaniya çempionu “Bayern”in təcrübəli qapıçısı Maneul Noyer zədə səbəbindən bir müddət məcburi istirahət edəcək.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli qapıçıya sağ bud əzələsinin cırılması diaqnozu qoyulub. Lakin bərpa müddəti ilə bağlı açıqlama verilməyib.
39 yaşlı qolkiper Almaniya çempionatının 14-cü turunda, “Maynts”la matçda (2:2) zədələnib.
Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Noyer cari mövsümdə “Bayern”in heyətində 20 oyuna çıxıb, 21 qol buraxıb, 6 oyunda qapısının toxunulmazlığını təmin edib.
Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 581 oyun, 480 buraxılmış qol və 271 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 12 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Noyer 2009-cu ilin iyununda debüt etdiyi və 2024-cü ildə iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 39 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.