Manuel Noyer Dieqo Maradonanı geridə qoydu
Futbol üzrə Almaniya milli komandasının təcrübəli qapıçısı Manuel Noyer dünya çempionatlarının tarixində daha bir göstəricisini yaxşılaşdırıb.
Arena.az xəbər verir ki, 40 yaşlı qolkiper DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Ekvador yığmasına qarşı matça start heyətində çıxmaqla mundiallardakı oyun sayını 22-yə çatdırıb.
Bununla da Noyer dünya çempionatları tarixində keçirdiyi oyunların sayına görə Argentina futbolunun əfsanəsi, 1986-cı il dünya çempionu Dieqo Maradonanı geridə qoyub. Alman qapıçı bu göstəricidə turnir tarixində təkbaşına 6-cı pilləyə yüksəlib.
Hazırda mundial tarixində ən çox oyun keçirən futbolçuların siyahısı belədir:
- Lionel Messi (Argentina) – 28 oyun
- Lotar Matteus (Almaniya) – 25 oyun
- Miroslav Kloze (Almaniya) – 24 oyun
- Kristiano Ronaldo (Portuqaliya) – 24 oyun
- Paolo Maldini (İtaliya) – 23 oyun
- Manuel Noyer (Almaniya) – 22 oyun
- Dieqo Maradona (Argentina) – 21 oyun
2011-ci ildən “Bayern”in şərəfini qoruyan Noyer həm klub, həm də milli komanda səviyyəsində zəngin karyeraya sahibdir. O, Almaniya nəhəngi ilə 13 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 7 dəfə Almaniya Super Kubokunun qalibi olub. Təcrübəli qapıçı həmçinin iki dəfə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və klublararası dünya çempionatını qazanıb.
Manuel Noyer Almaniya millisinin heyətində isə 2014-cü ildə dünya çempionu olub. O, həmçinin 2010-cu il dünya çempionatında bürünc medal qazanıb.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026 iyulun 19-da başa çatacaq. Tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi turnirin son qalibi Argentina millisidir.
