Kilian Mbappe Kristiano Ronaldonun qol rekordunu təkrarladı
Fransalı futbolçu Kilian Mbappe portuqaliyalı hücumçu Kristiano Ronaldonun bir təqvim ilində “Real”da vurduğu qol rekordunu təkrarlayıb.
Arena.az xəbər verir ki, Mbappe İspaniya çempionatının 2025/2026-cı illər mövsümünün 17-ci turu çərçivəsində baş tutmuş “Sevilya” ilə ev oyununda (2:0) komandasının ikinci qoluna imza atıb.
Nəticədə fransalı hücumçu 2025-ci ildə vurduğu qolların sayını 59-a çatdırıb. Ronaldo eyni göstəriciyə 2013-cü ildə imza atıb.
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Mbappe cari mövsümdə “Real”ın heyətində 23 oyuna çıxıb, 28 qol vurub, 5 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 83 oyun, 73 qol, 10 məhsuldar ötürmə.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 94 oyun keçirib, 55 qol vurub və 40 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.