Reading view

Mark-Andre ter Ştegen “Jirona”da da zədələndi

İspaniyanın “Jirona” komandasının almaniyalı qapıçısı Mark-Andre ter Ştegen ən azı iki ay yaşıl meydanlardan kənarda qala bilər.

Arena.az xəbər verir ki, buna futbolçunun ciddi zədələnməsi səbəb olub.

33 yaşlı qolkiperin bud əzələsində problem aşkarlanıb. İcarə əsasında “Jirona”nın formasını geyinən oyunçunun müqaviləsinin ləğv edilməsi və “Barselona”ya qayıtması da istisna edilmir.

Xatırladaq ki, Ter Ştegen yanvarın 21-də icarə müqaviləsi əsasında “Jirona”ya keçmişdi. O, bu komandanın heyətində cəmi iki oyuna çıxıb.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının məzunudur. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyul ayında 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ter Ştegen cari mövsümdə “blauqrana” üçün cəmi 1 oyun keçirib. Alman qapıçının “Barselona”dakı çıxışının ümumi mənzərəsi 423 oyun, 416 buraxılmış qol və 176 “quru” oyundan ibarətdir.

Ter Ştegen “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre Ter Ştegen 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 44 oyuna 54 qol buraxıb, 13 “quru” oyun keçirib. Qapıçı Almaniya yığması ilə 2017-ci Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı alman qapıçının transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Ter Ştegen “Barselona”ya geri göndərilə bilər

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen “Jirona”da ciddi zədə alıb və bu səbəbdən Kataloniya klubuna vaxtından əvvəl qayıda bilər.

33 yaşlı qolkiper yanvarın 21-də, mövsümün sonuna qədər icarə əsasında “Barselona”dan “Jirona”ya keçmişdi. O, yeni klubunda cəmi iki oyunda – “Xetafe”yə qarşı (1:1) və “Ovyedo” ilə matçda (0:1) forma geyinməyə macal tapıb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, almaniyalı futbolçuda arxa bud əzələsində ciddi zədələnmə – əzələ yırtığı və vətərlərin qopması ehtimalı aşkarlanıb. İlkin tibbi müayinələr dəqiq diaqnozun qoyulmasına imkan verməyib.

Gözləntilərə əsasən, Ter Ştegen iki ay meydanlardan kənar qala bilər. Bu halda, “Jirona” icarə müqaviləsini vaxtından əvvəl ləğv edərək, onu yenidən “Barselona”ya göndərə bilər.

Ter Ştegenin vəziyyəti yaxın günlərdə keçiriləcək əlavə müayinələrdən sonra tam aydınlaşacaq.

The post Ter Ştegen “Barselona”ya geri göndərilə bilər appeared first on Komanda.az.

❌