Reading view

“Tək akademiyalara yox, idman məktəblərinə də dəstək olmaq lazımdır”

Azərbaycan futbolunun problemli yerlərindən biri uşaq futboludur. İllərdir danışılan, qabardılan çatışmazlıqlar hələ həllini tapmayıb. Klublar daha çox diqqəti əsas komandalara verir, maliyyənin böyük qismini bura ayırır. Ancaq faktdır ki, ölkə futbolunun gələcəyini düşünərək ilk addımlar məhz uşaq futbolunda atılmalıdır.

“Sumqayıt” klubunun U-12 komandasının məşqçisi Rasim Əhmədovla bu mövzuda söhbətləşdir. Daha əvvəl idman məktəblərində məşqçilik edən mütəxəssis uşaq futbolunun mənzərəsindən söz açdı:

“Uşaq futbolu ilə bağlı çox danışmaq olar. Bu gün uşaq futbolu nə vəziyyətdədir, hər kəs bilir. AFFA-nın gördüyü müəyyən tədbirlər var. Atılan addımlar yavaş-yavaş uşaq futboluna dəstəyinə addımdır. Uşaq futbolu gələcəyimiz üçün əsasdır. İstedadlı uşaqların gələcəkdə millidə oynaması üçün çox qərarlar vermək olar. Əvvəlcə nəticələr ləğv olundu ki, uşaqlar daha çox oyuna köklənsin. Bu, yaxşıdır. Amma çatışmazlıqlar da var. Süni meydançalar, bir meydançada 3-4 komandanın oynaması və s. Biz o vaxt Bakı birinciliyinə gedirdik və təbii otda oynayırdıq. Ancaq bu gün baxırıq ki, uşaqların süni örtükdə oynaması zədələrə gətirir. Mənim komandamda artıq 2 uşaqda dizində problem yaranıb. Müalicə etdiririk. Yarışlar süni yox, təbii örtükdə keçirilsə, daha yaxşı olar. İnkişaf etmək istəyiriksə, bunları da etməliyik. Bu gün gedib “Neftçi”nin bazasında oynayırıq baxırıq ki, 3-4 komanda da oynayır. Gah top o tərəfə gedir, gah valideyn səsləri qarışır və s. Bununla bağlı qərarlar verilməlidir”.

Şəraitdən gileylənən mütəxəssis uşaq futbolundakı bəzi qərarları şərh etdi:

“Keçmiş “Bakı” akademiyası, daha sonra “Qəbələ” klubunda yaxşı şərait var idi. Uşaqlaryaxşı meydançalarda oynayırdı. Baxın, indi Premyer Liqada bu klubların nə qədər yetirmələri var. Uşaqların inkişafı üçün şərait əvvəldən yaradılmalıdır. İndi ən çox dəstəyi uşaq futboluna versələr, istedadlı uşaqlar üzəçıxır. Komandalar ildə 2-3 dəfə beynəlxalq turnirlərə getməli, təcrübə qazanmalıdırlar. Onlar başqa klubların akademiyalarına qarşı oynasalar, fərqli tərzdə inkişaf olar.

Xal sisteminin qaytarılması tərəfdarıyam. Çünki o vaxt biz uşaq olanda yarışlara mükafatlar verilirdi. Bizim də qalib olmağımız üçün stiul var idi. Uşaq bilsə ki, nəsə uğrunda oynayır, bəlkə məsuliyyət artır. U13-ə qədər xalların sayılmaması bir tərəfdən yaxşıdır ki, bütün uşaqlar oynayır. Bir ərəfdən də pisdir ki, uşaqlarda stimul yoxdur. Düzdür, Avropa standartları ilə gedirik, amma yenə deyirəm, hansısa mükafat da olsa, uşaqların marağıdaha artar”.

Əhmədov ölkədə fəaliyyət göstərən idman məktəblərindən diqqətdən kənar qaldığını vurğuladı. O, ölkə futbolunun inkişafının məhz uşaq futbolundan başladığını qeyd edərək, idman məktəblərinin bu inkişafdakı vacib roluna toxundu:

“Uşaq futbolundan danışanda tək akademiyaları nəzərdə tutmalı deyilik. Rəhbərlər, koordinatorlar var, uşaq futbolunu nəzarətdə saxlayır, çatışmazlıqları aradan qaldırmağa çalışırlar. Ancaq yarışlarda ən çox idman məktəblərinin komandaları iştirak edir. Məşqçilər öz hesablarına komanda qurur, inventarlarında problemlər olsa da, yarışırlar, mübarizə aparırlar. Bu məktəblərdə olan potensiallı uşaqlar sonra akademiyalara üz tutur. Tək akademiyalara yox, idman məktəblərinə də dəstək olmaq lazımdır. Diqqətdən kənar qalan məktəblərdən çıxır məhz yaxşı uşaqlar. Uşaq futbolunun problemi çoxdur. İdman məktəblərində işləyən məşqçilər diqqətdən uzaqdır. Onların təhsilinə fikir verilmir. Akademiyada işləyənlər karyerasını erkən bitirən futbolçulardır. Onlar da özləri məşqdə gördüklərini tətbiq edirlər. Amma idman məktəblərində təhsili olan məqçilər elə orda da qalır. İnandırım sizi, bəzən yarışlara elə komandalar gəlir ki, heç futbol forması yoxdur. İcarəyə inventar götürüb, yarışlara qoşulurlar. Problemləri sadalasaq, dəhşətli mənzərə çıxır. AFFA, Premyer Liqa klubları uşaq futboluna diqqət edib, səviyyə artması üçün daha çox çalışsa, inkişaf da daha çox olar”.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

❌