Reading view

Raul Ximenes Premyer Liqada penalti rekorduna imza atdı

“Fulhem”in futbolçusu Raul Ximenes İngiltərə Premyer Liqasında penaltidən fərqlənmək üzrə rekord müəyyənləşdirib.

Arena.az xəbər verir ki, hücumçu Premyer Liqanın 27-ci turunun “Sanderlend”lə səfər matçında (3:1) dubl edib və qollardan birini penaltidən vurub.

Bununla da 34 yaşlı meksikalı futbolçu çempionat tarixində 100 faizli göstərici ilə ən çox penalti vuran (13-dən 13) oyunçu olub.

O, 12 fərqli qapıçını dəqiq zərbə ilə məyus edib. Ximenes fevralın əvvəlində Yaya Turenin 11 cəhddən 11 qol rekordunu yeniləmişdi.

Raul Ximenes Meksikanın “Amerika” klubunun məzunudur. Ximenes karyerası ərzində Madrid “Atletiko”su, “Benfika”, “Vulverhempton” və “Fulhem”də çıxış edib.

“Fulhem” Ximenesi 2023-cü ilin iyul ayında “Vulverhempton”dan 6,4 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “bağçılar”ın düşərgəsinə qatıb.

Meksikalı futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ximenes “Fulhem”in heyətində 32 oyuna 9 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Ximenesin “Fulhem”in heyətində çıxışının ümumi mənzərəsi isə 104 oyun, 30 qol və 6 məhsuldar ötürmədən ibarətdir.

Raul Ximenes 2013-cü ilin yanvar ayında debüt etdiyi Meksika yığmasının heyətində 123 oyuna çıxıb, 44 qol vurub və 16 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 34 yaşlı meksikalı mərkəz hücumçusu Raul Ximenesin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

❌