“Zirə”nin legioneri: “Avrokuboklara vəsiqə qazanacağımıza tam inanıram”
“Zirə” Premyer Liqanın XXII turunda “Araz-Naxçıvan”a qalib gəlib – 1:0.
“Qartallar”ın qapıçısı Tiaqo Silva matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı…
– Avrokuboklara vəsiqə yolunda rəqiblərinizdən birini məğlub etdiniz. Fikirləriniz nədir?
– Bu, xüsusilə də Avropa yerləri uğrunda mübarizədə bizim üçün çox vacib üç xal idi. “Araz-Naxçıvan” kimi komandaya qarşı belə oyunlar xırda detallar üzərində həll olunur və biz 1:0 hesablı qələbəni təmin etmək üçün yetkinlik, diqqət və güclü komanda ruhu göstərdik. Qapımızı toxunulmaz saxlamaq hər zaman müsbət haldır və bu, bütün komandanın əməyinin göstəricisidir. Sadəcə mövsümün bu qədər vacib mərhələsində tribunada daha çox azarkeş görməmək bir az məyusedicidir. Onların dəstəyi böyük fərq yaradır və ümid edirik ki, növbəti oyunlarda bu enerjini daha çox hiss edəcəyik.
– Qarşıda “Sumqayıt”a qarşı kubok oyunu var. “Turan Tovuz”la liqadakı 3 xallıq fərqi nəzərə alsaq, əsas diqqəti kuboka yönəldib, titul qazanmaq arzunuz var?
– “Sumqayıt”a qarşı kubok oyununun çox vacib olduğunu bilirik. İlk oyun 0:0 hesabı ilə başa çatdı, buna görə də hər şey açıq qalır və oyunun taleyi yenə detallarla həll olunacaq. Addım-addım irəliləyəcəyik, ikinci oyunda planımıza və etməli olduqlarımıza fokuslanacağıq. Təbii ki, finalı da düşünürük. Rəqibə hörmətlə yanaşırıq, lakin keyfiyyətimizə inanırıq və hədəfimizə çatmaq üçün mübarizə aparacağıq.
– Son bir ayda “Sumqayıt”la iki dəfə qarşılaşmısınız. Artıq onları daha yaxından tanıdığınızı demək olar?
– Gəldiyim gündən demişəm ki, kiminlə oynamağımızın fərqi yoxdur. “Zirə” hər zaman meydana qələbə üçün çıxmalıdır. Artıq göstərmişik ki, istər çempionluq uğrunda mübarizə aparan, istərsə də liqada qalmaq üçün oynayan komandalar olsun, istənilən rəqibi məğlub edə bilərik.
– Premyer Liqada mükafatçılar sırasına düşmək şanslarınızı necə dəyərləndirirsiniz?
– Avrokuboklarda olacağımıza tam inanıram. Buna qətiyyən şübhəm yoxdur. Qələbələr üçün mübarizəni davam etdirəcəyik və qalan 11 oyuna final kimi yanaşacağıq.
– Qarşıdakı 4 turdakı 3 rəqib autsayderlərdir… Təqvim də lehinizədir demək olar?
– Favorit olmağımız keyfiyyətimizdən və oyunun müxtəlif məqamlarını düzgün oxuyub idarə etmək bacarığımızdan irəli gəlir.
Şahin Cəfərov






