Normal view

Yesterday — 28 October 2025Main stream

“Parisdə qol vurmağı xəyal edirdim” (MÜSAHİBƏ)

28 October 2025 at 09:40

“Zirə”nin və Azərbaycan milli komandasının futbolçusu Ceyhun Nuriyevin “Futbolpress.az“a müsahibəsi:

– Premyer Liqada 100-cü oyuna çıxdınız. Hissləriniz necədir?
– Yubiley haqda deyiləcək çox söz yoxdur. Mənim üçün müsbət statistikadır.

– Yubiley oyununda qələbə qazandınız. “Sumqayıt”la oyun (1:0) haqda fikirləriniz nədir?
– Çox vacib 3 xal qazandıq. Yaxşı sayacağımız oyunlardan deyildi, ancaq yaxşı mübarizə apardıq meydanda. İkinci hissə rəqibə oynamağa imkan verdik, ona görə də qol epizodları yarandı və cərimə meydançamıza girmələrinə imkan verdik. Amma yaxşı müdafiə olunub, layiqli qələbə qazandıq.

– Komanda mövsümə yaxşı başlasa da, eniş hiss edilir. Bu nə ilə bağlıdır?
– Hər komandanın mövsümün müəyyən hissəsində enişi olur. Səbəb çox şey olabilər. Bizdə son vaxtlar zədələlilər də çoxdu, hansı ki, komandanın oyununa təsir edir. Vacib olan belə vəziyyətdə maksimum gücümüzü ortaya qoyub qələbələr qazanmağımızdı.

– Qarşıdan milli fasilə gəlir. Abbasovdan dəvət gözləyirsinizmi? Və İslandiya ilə Fransaya qarşı oyunlar haqda nə düşünürsünüz?
– Dəvət gözləyirəm. Millidə olmaq qürurdu. Son oyunlarda əzmkarlıq göstəririk. Rəqiblərə çətinlik yaratmağı bacarırıq. Xal qazanacağımıza inamımız yüksəkdi.

– İslandiyaya səfərdə 0:5 hesabıyla məğlub olmuşunuz. Revanş niyyəti var?
– Nəticə ilk oyundakı kimi olmayacaq. Qələbə üçün çıxacıyıq meydana. Bunu edəcəyimizə inanırıq.

– Abbasovun gəlişindən sonra oyun baxımından artım var. Komandada nə dəyişdi ki? Heyət eyni, oyun fərqli
– Dəyişməyən şey komandanın hər 2 məşqçinin dönəmində oyuna inamla, xal qazanmaq üçün çıxmağı idi. Dəyişən şey Abbasovun dönəmində meydandaki vuruşqanlığımızın artırmağımızdı. Nisbətdə daha inamlıyıq, toplu oyunda daha çox inanırıq özümüzə. O inamı aşılaya bilib bizə. Amma bununla kifayətlənmirik.

– Hücum xəttində yer alan oyunçuların komandalarındakı praktikası azdır. Hücumameyilli oyunçu kimi artıq yük sizə düşür. Əlavə məsuliyyət hansısa təzyiqə səbəb olmur?
– Məsuliyyət hiss edirəm, amma təzyiq yoxdu. Özünə inanandan sonra təzyiq azalır. Millidə qollar və asistlər etmək istəyirəm və bunun üçün səbirsizlənirəm.

– Yığmada hələ qol hesabınızı açmamısınız. Debüt qolunu İslandiyaya, ya Fransaya qarşı vurmaq daha xoş olar?
– Möhtəşəm olar. Məqsədim də budur. Debüt qolunu bu oyunlarda vurmağım üçün çalışacam.

– Seçim şansınız olsa, islandiya, ya Fransa? Çünki fransızlara vuracağını qol milli tarixinin onlara qarşı vurulmuş ilk qolu olacaq…
– Seçim şansım olsaydı, əlbəttə Fransa. Bu tarix olardı. Hətta bunu Parisdə vurmağı xəyal edirdim, ancaq təəssüf ki, xəstəliyim oldu, oynaya bilmədim. İnşallah Bakıda bunu edəcəm.

Şahin Cəfərov

Before yesterdayMain stream

“Şahmatçı və ya kapitan kimi əsas məqsəd qalib gəlməkdir” (MÜSAHİBƏ)

25 October 2025 at 14:26

Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı, Dünya Kubokunun qalibi Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, tanınmış şahmatçı Azərbaycan komandasının Avropa çempionatında gümüş medal qazanmasından və kapitan kimi ilk uğurundan danışıb.

– Kişi şahmatçılarımız 8 ildən sonra qitə çempionatında medal qazandı. İlk olaraq yekun nəticə barədə fikirləriniz maraqlıdır.
– Reytinqə görə Azərbaycan turnirin dördüncü komandası idi. Çempionat ərzində qızıl medal uğrunda mübarizə apardıq və sonda gümüş medal qazandıq. Məncə, nəticə milli komandamız üçün mütləq uğurdur.

– Üçqat Avropa çempionları olan Azərbaycan komandasına qızıl medal qazanmaq üçün nə çatmadı?
– Son tur ərəfəsində Azərbaycan və Ukrayna komandalarının hər biri 13 xal toplamışdı. Vəziyyətə nikbin baxırdıq və Serbiyaya qarşı qələbə qazanmağı hədəfləyirdik. Əgər Ukrayna komandası qalib gəlsəydi, tay-breyklərə əsasən birinci yeri tutmaq üçün matçımızda böyük hesablı qələbəyə ehtiyacımız olacaqdı. Şahmatçılar döyüşkən əhval-ruhiyyədə idilər və qızıl medal uğrunda mübarizə aparmaq üçün digər matçlara nisbətən daha çox riskə getdilər. Matçın əvvəlində vəziyyət kifayət qədər bərabər görünürdü, müəyyən oyunlarda bəzi açılış problemləri var idi və digər lövhələrdə də təzyiq görünürdü. Ukrayna komandası oyununu inamla oynadı və qalib gəldi, ona görə də son turda az fərqlə qələbə qazansaq belə, gümüş medal qazanacaqdıq. Hamı sona qədər mübarizə apardı və düşünürəm ki, son turda bəxt bizim tərəfimizdə olmadı.

– Kapitan kimi Teymur Rəcəbov ilk mükafatını qazandı. Uzun illər çıxış etdiyiniz komandada kapitan olmaq necə hisslərdi?
– Düşünürəm ki, milli komanda şahmatçılara kapitan kimi dəstəyim bu çempionatda tamamilə özünü doğrultdu. Ən yüksək səviyyədə yarışmağa çalışdıq, mehriban komanda olaraq düzgün mühit yaratmağa nail olduq. Şahmatçıların çoxunu illərdir tanıyıram və buna görə də milli komandamızın maraqları naminə birlikdə çalışmaq çox xoş oldu.

– Milli komandanın yeni üzvləri Aydın Süleymanlı və Məhəmməd Muradlının çıxış barədə nə düşünürsünüz?
– Həm Aydın Süleymanlı, həm də Məhəmməd Muradlı güclü şahmatçılardır, döyüşkən və özlərini sübut etməyə can atırlar, nə qədər çətin olsa da, hər matçda oynamağa hazır olduqlarını göstərdilər. Onlarla ünsiyyət qurmaq asandı. Hər ikisi məşqləri davam etdirməlidi. Gərgin hazırlıqları davam etdirməklə, çox işləyərək reytinqlərini 2700-ə çatdırmaq şansları var. Amma bu, gərgin hazırlıq sabah və ya o biri gün deyil, bu gündən başlamalıdır. Mən onlara inanıram və onları çox yaxından izləyirəm. Onların qarşıda böyük bir gələcəyi var və onların qətiyyəti gələcəkdə milli komandanın nəticələrinə birbaşa təsir edəcək.

-Şahmatçı kimi mübarizə aparmaq və ya kapitan olmaq. Hansı daha çətindi?
– Əsas məqsədim həmişə xalqımızın, şahmata və şəsxən mənə böyük dəstək göstərən Ümummilli Lider Heydər Əliyevin, şahmata və şahmatçılara çox vaxt ayıran, bütün uğurlarımızı izləyən hörmətli prezidentimiz İlham Əliyevin gözləntilərini doğrultmaq olub. Dövlət başçısının rəhbərliyi altında ölkəmizdə Dünya Kubokları, Olimpiadalar, Dünya Çempionatları və digər əhəmiyyətli yarışlar keçirilib. Azərbaycan fərdi və komanda yarışlarında saysız-hesabsız qələbələr qazanıb. Şahmatçı və ya kapitan kimi əsas məqsəd qalib gəlməkdir. Əlbəttə ki, kapitanın daha çox məsuliyyəti var.

– Sonda şahmat həvəskarlarına, milli komandanın azarkeşlərinə nə demək istərdiniz.
– Komandamıza və şəxsən mənə göstərdikləri dəstəyə görə şahmat azarkeşlərinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin çox sayda mesaja cavab verə bilmədiyim üçün üzr istəyirəm. Hamısını oxumağa çalışıram. Azarkeşlərin dəstəyinə görə çox minnətdarıq. Şahmat oynayın və bu inanılmaz oyunu sevin.

❌
❌