Vilyam Saliba – dünyanın ən bahalı mərkəz müdafiəçisi!
Fransa yığmasının və London “Arsenal”ının 24 yaşlı futbolçusu Vilyam Saliba dünyanın ən bahalı mərkəz müdafiəçisidir.
Arena.az xəbər verir ki, “Transfermarkt” internet-portalı mövsümün növbəti yenilənmələri əsasında ən bahalı mərkəz müdafiəçilərindən ibarət siyahısını açıqlayıb.
Siyahının zirvəsində “Arsenal”ın fransalı müdafiəçisi Saliba yer alıb.
Nüfuzlu portal futbolçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.
Salibanın valideynləri əslən Kamerundandırlar. O, İl-de-Frans bölgəsinin Sen-Sen-Deni departamentinin Bondi kommunasında dünyaya gəlib. Vilyam elə, yerli “Bondi”də də futbolda ilk addımlarını atıb. Buradan “Monfermey”, ardınca isə “Sent Etyen”ə keçmiş Saliba böyük futbolda debüt edib. 2019-cu ilin iyul ayında “Arsenal” 30 milyon avro məbləğ müqabilində Salibanı “topçular”ın düşərgəsinə qatıb və futbolçusunu bir müddət elə, “Sent Etyen”ə, ardınca “Nitsa” və Marsel “Olimpik”inə icarələrə göndərib. 2022-ci ilin iyun aynda “Arsenal” artıq püxtələşmiş futbolçusunu “topçular”ın heyətinə geri qaytarıb.
Vilyam Saliba 2025/2026-cı illər mövsümündə “topçular”ın heyətində 34 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Salibanın “Arsenal”ın heyətində çıxışının ümumi mənzərəsi isə rəqəmlərin gözü ilə belə təsvir yaradır: 168 oyun, 8 qol, 3 məhsuldar ötürmə.
Saliba Fransanın Olimpiya yığması da (U-23) daxil olmaqla, U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarından keçməklə uzun bir yol gəlib və 2022-ci ilin mart ayında “xoruzlar”ın əsas yığmasında debüt edib. Saliba Fransa yığmasında 31 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Vilyamın qənimətlər muzeyində “Arsenal”la qazandığı 2 qənimət – İngiltərə Super Kuboku (2020/2021, 2023/2024) var. “Xoruzlar”la isə Saliba DÇ-2022-nin gümüş mükafatçısı olub.
Fərdi mükafatlara gəlincə, Vilyam Saliba 2022-ci ildə Fransa Liqa 1-in ən yaxşı gənc oyunçusu seçilib.