Sxadadze: “Oyunçuların əksəriyyəti bugünkü oyuna hazır deyildi”
Misli Premyer Liqasının XXIII turunun “Sabah” – “Qəbələ” oyunundan (7:1) sonra qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Katastrofik hadisə baş verdi. Əlbəttə, belə hallarda məşqçi məsuliyyəti üzərinə götürür. Oyunu analiz edib, səhvlərimizi ortaya çıxarmalıyıq. Oyunçuların əksəriyyəti bugünkü oyuna hazır deyildi. Sadə səhvlərdən qollar buraxdıq. Sonra rəqib boşluqlardan maksimum istifadə etdi. “Sabah” kimi komandaya qarşı belə əks-hücum şansı vermək olmaz. Təhlillər aparmalıyıq. Danışacaq nəsə yoxdur.
– Liqada qalmaq uğrunda mübarizə aparırsız. Kubok oyununda “Sabah”a qarşı çox güc sərf etdiniz və bu gün “partladı”. “Sabah”la kubok matçlarında bu qədər güc sərf etməyinizə peşmansınız?
– Belə olacağını düşünməzdik. İki cəbhədə mübarizə aparmaq, lider “Sabah”a qarşı bir ayda beş oyun keçirmək çox çətindir. Kubokda 0:2 geridə olsaq da, xarakter göstərmişdik. Bugünkü oyunda mənfi olan şey oyunçularda xarakter çatışmazlığı idi.
– Uzun illərdir, sizi tanıyıram. Xatırlamıram ki, komandanız bu qədər qol buraxıb. Siz xatırlayırsınızmı?
– Uşaqlara da dedim, karyeramda belə hesab olmamışdı. Qismət imiş, bunu da yaşadıq. Məğlub olmaq olar, amma əzmkarlıq olmadan belə uduzmaq faciədir. Həyatda da mübarizə aparmaq vacibdir. Bu gün bəzi oyunçular meydanda mübarizə aparmadı.
– Bu gün görünən, “Qəbələ”nin 5, “Sabah”ın 50 manatı var. Aradakı 45 manatlıq fərq meydanda göründü?
– Bu haqda danışmaq istəmirəm. Vacib olan xarakterdir və bu gün görünmədi. İstənilən halda, hər oyunçumuz xarakter göstərməlidir. Məsələn, “Şerif” nə vaxtsa “Real”a qalib gəlmişdi. Onlar arasında da fərq var idi. Ona görə deyirəm, bugünkü oyunda əsas və böyük problem xarakter idi.
Şahin Cəfərov