Oleq Baklov Tacikistan millisinə dəvət aldı
Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un qapıçısı Oleq Baklov Tacikistan milli komandasına dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Tacikistan milli komandasının baş məşqçisi Qoran Stevanoviç 2027-ci ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələsinin son turunda Filippin yığmasına qarşı keçiriləcək oyun üçün heyəti açıqlayıb. Martın 23-də başlayacaq və Düşənbədə keçiriləcək milli komandanın təlim-məşq toplanışına Baklov da dəvət alıb.
Qeyd edək ki, Asiya Kubokunun seçmə mərhələsinin A qrupunda Tacikistan və Filippin yığmaları arasında 6-cı turun oyunu martın 31-də keçiriləcək.
Oleq Baklov “Turan Tovuz”a 2025-ci ilin yayında cəlb olunub. 31 yaşlı qolkiperin Tovuz klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Tacik qapıçı “Turan Tovuz”un heyətində meydana çıxdığı 17 oyunda 14 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.
Baklov daha öncə Rusiyada “Ufa”, “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib. O, 2024-cü ilin sentyabr ayında debüt etdiyi Tacikistan yığmasının heyətində 8 oyuna çıxıb, 10 qol buraxıb, 4 matçdan “quru” çıxıb.